Klarkson zarafat etdi, Alpine bəyanat yaymalı oldu

Top Gear proqramının keçmiş aparıcısı Ceremi Klarkson şənbə günü Sky Sports-a müsahibəsində Franko Kolapintonun güc qurğusunun elementlərinin dəyişdirilməsinə görə aldığı cəriməni zarafatla şərh edib.

“Franko argentinalı olduğu üçün cərimələnib. Mən də onu cərimələyərdim. Bütün bunlar ora gələndə baş verənlərlə bağlıdır”, – deyə Klarkson canlı efirdə bildirib.

Klarksonun Argentinaya qarşı xoşagəlməz münasibəti Top Gear-ın 2014-cü il buraxılışı zamanı baş vermiş epizodla bağlı olub. Həmin vaxt o, üzərində 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında baş vermiş Folklend müharibəsinə işarə vuran nömrə nişanı olan avtomobili idarə edib. Onda Klarkson, Riçard Hammond, Ceyms Mey və çəkiliş qrupunun digər üzvləri yerli sakinlərdən qaçaraq Çili sərhədinə üz tutmalı olublar.

Klarksonun zarafatına cavab olaraq, Alpine komandası və Kolapintonun menecerləri sosial şəbəkələrdə bəyanatla çıxış ediblər.

“Komandanın Ostindəki qonağı tərəfindən televiziya efirində səsləndirilən şərhlərdən xəbərdarıq. Bir daha vurğulamaq istəyirik ki, bu, onun şəxsi fikridir və xeyirxahlıqla hörmətin təşviqinə yönəlmiş komandanın dəyərlərinə uyğun gəlmir. Franko bizim sürücümüzdür, onu tam dəstəkləyirik”, – deyə Alpine-in bəyanatında bildirilib.

“Ceremi Klarksonun Frankonun milliyyəti ilə bağlı fikirləri tamamilə yolverilməzdir. Formula1-də belə açıqlamalara yer yoxdur, bunu kimin səsləndirməsindən və zarafatla deyilib-deyilməməsindən asılı olmayaraq. Biz hörmətin təşviqi, düşmənçiliyə və təhqirlərə son qoyulması üçün əlimizdən gələni edirik, lakin bu hörmət qarşılıqlı olmalıdır. İctimaiyyətin tanıdığı şəxslərdən, idmanımızın qonaqlarından bu cür şərhlər eşidə-eşidə kimdənsə məsuliyyətli davranış tələb edə bilmərik”, – deyə menecer Ceymi Kempbell-Uolter yazıb.

,