Kolapinto cəriməsini FİA prezidenti ilə müzakirə edib

Zandfortda yarışın finişindən sonra Franko Kolapinto və onun əsas sponsoru Mercado Libre mərhələnin stüardlarının qərarlarını tənqid ediblər. Belə ki, stüardlar argentinalı Alpine sürücüsünü Yuki Tsunodanı ikiqat sarı bayraqlar altında ötdüyünə görə cərimələyiblər.

Cümə axşamı Monzada Franko baş verənləri FİA prezidenti Muhəmməd bin Sulayemlə müzakirə etdiyini və cərimə ilə razılaşmasa da, bu mövzunu bağlanmış hesab etdiyini deyib.

Franko Kolapinto: “İki gün əvvəl Muhəmmədlə danışdıq. O, Argentinada idi, ona görə də onunla görüşmək çox xoş oldu.

Görüşdə Argentina prezidenti və FİA prezidenti də var idi. FİA və Formula1 tərəfindən belə maraq görmək xoş idi. Onların çempionatın təqviminə qayıdışın Argentina üçün nə qədər önəm daşıdığını anlaması və bunu görməsi əladır. Formula1-də mərhələmizi yenidən görmək çox gözəl olardı.

Bu görüşə vaxt ayırıb gəldiklərinə görə FİA-ya çox minnətdarıq. Bu, həm ölkə, həm idmanımız, həm də ümid edirəm ki, gələcək üçün vacibdir. Ona görə də onların gəlməsinə sevinirəm.

Cəriməyə gəlincə, bu mövzu artıq keçmişdə qalıb. Reqlamenti oxumaq olar – stüardlar öz işlərini görür və qaydalara əməl edirlər. Şəxsən mən hələ də Zandfortda dediyim fikirdə qalıram. Əlbəttə, bunu hələ müzakirə edəcəyik, çünki biz həmişə çox müxtəlif mövzular barədə danışırıq.

Bəlkə də stüardlardan kiminləsə görüşərik. Düşünürəm ki, onlar da hər zaman danışmağa hazır olurlar. Mən onların mövqeyini başa düşürəm və reqlamenti oxusanız, cərimənin qaydalara uyğun olduğunu görərsiniz.

Şəxsən mən bununla razı deyiləm, amma bu, işimizin bir hissəsidir və biz stüard deyilik. İndi isə əsas məsələ Monzadakı mərhələdir və burada bacardıqlarımızın hamısını göstərməyə çalışmaqdır”.