Pyer Qasli: “Qarşıdan mövsümün çətin üç yarış seriyasından ibarət çox gərgin bir hissəsi gəlir. Bakıda hər zaman çətin tapşırıqları həll etmək lazım gəlir və mən burada çıxış etməyi sevirəm. Trasın həm sürətli, həm də döngəli hissələri mənim çox xoşuma gəlir, burada yarışlar isə ötmə üçün çox sayda imkana görə adətən maraqlı alınır.
Görək, bu nəsil maşınlar özlərini necə göstərəcək, amma əminəm ki, bizi ciddi sınaq gözləyir. Ümid edirəm ki, hazırkı rəqabət qabiliyyətimizi qoruya biləcəyik. Hazırda komanda yaxşı çıxış edir və qarşıdakı üçlü seriya boyunca eyni ruhda davam etmək vacibdir.
2021-ci ildə Bakıda podiuma yüksəlmişdim, amma son illərdə bu trasda komandamız üçün işlər elə də yaxşı getməyib. Cümə axşamı məhsuldar işləməyə və maşının potensialını sıralanma turunda üzə çıxarmağa imkan verəcək sazlamaları tapmağa çalışacağıq. Ümid edirəm ki, yenidən start düzümündə daha yuxarıda yer alacağıq və xallar uğrunda mübarizə aparmaq imkanı qazanacağıq”.
Franko Kolapinto: “Mən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, həftəsonunu yenidən rəqabətədavamlı səviyyədə keçirəcəyik. Madriddə imkanlarımızdan maksimumu sıxıb çıxarmışdıq və Avropa mövsümünü daha bir güclü nəticə və qazanılmış xallarla başa vurduğuma görə çox məmnun qalmışdım.
Bakı trasında sürətli hissələr divarların çox yaxın yerləşdiyi şəhər sektorları ilə birləşir, buna görə də İspaniyada göstərdiyimiz sürəti qorumağa çalışacağıq. Yaxın həftələrdə bizi çox sıx qrafik gözləyir, buna görə qarşımıza çıxacaq hər imkandan istifadə etmək vacibdir.
Son illərdə Bakıda tez-tez maraqlı yarışlar keçirilib. Mümkün qədər əlverişli mövqedə olmaq və şanslarımızdan istifadə etmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz yenidən ilk onluqda finiş görmək və Mühəndislər Kubokuda rəqiblərdən geriqalmanı azaltmağı davam etdirməkdir”.





