Ekklstoun: Antonelli ikinci Ferstappen olacaq

Berni Ekklstoun Kimi Antonellinin çempion titulunu şərh edib. Formula1-in keçmiş rəhbərinin fikrincə, italiyalı sürücü Mercedes-in Maks Ferstappen kimi uğurlar qazanması üçün bütün zəruri keyfiyyətləri var.

Berni Ekklstoun: “Vaxtilə dünya çempionu görmək istədiyim iki sürücü var idi – Maks və Kimi. Kimini Maks qədər yaxşı tanımasam da, düşünürəm ki, o da eyni cür sürücü olacaq. Onda Maksda olan hər şey var – qalib gəlmək istəyir və bunun üçün mümkün olan hər şeyi edəcək. Maks kimi, o da kokpitə yalnız bir fikirlə əyləşir – yarışı qazanmaq”.

Ekklstoun, həmçinin iki sürücünün atalarının onları necə böyütdüyünü də müqayisə edib. Yos Ferstappen oğlu ilə çox sərt davranıb və onu uşaqlıqdan ağır məşqlərə alışdırıb. Marko Antonelli isə fərqli yanaşma seçib – o, Kimiyə özünün AKM Motorsport komandası və Kart Republic ilə əlaqələri vasitəsilə kömək edib, sürücünün karyerasının idarə olunması ilə isə əsasən Mercedes gənclər proqramının mütəxəssisləri məşğul olublar.

“Maksın atası vaxtilə onunla kifayət qədər sərt davranıb – onu tezdən durmağa və çox işləməyə məcbur edib, – deyə Berni Ekklstoun sözünə davam edib. – Kiminin atası isə görünür, oğluna dəstək olmağa və onun həddindən artıq narahatlıq keçirməsinə imkan verməməyə çalışır.

Amma Kimi hələ bacardıqlarının hamısını göstərməyib. Düşünürəm ki, o, bizi hələ təəccübləndirəcək. İki-üç ildən sonra görəcəksiniz ki, qarşımızda ikinci Maks olacaq. Bərkiməsi üçün o, bir neçə çətin dövrdən keçməlidir. Ondan sonra isə ehtiyatlı olun!

Atasının Maks üçün etdiklərinin çoxu ona da fayda verərdi. Həyatın hər zaman istədiyin kimi alınmadığını anlamaq vacibdir. Həm uğurları, həm də uğursuzluqları qəbul etməyi bacarmaq, uğursuzluqlardan sonra isə əvvəlki səhvləri təkrarlamamaq üçün nəticə çıxarmaq lazımdır.

Kimi yeniyetmə yaşını cəmi yaxınlarda geridə qoyub, buna görə də indi dünya çempionu olduğunu dərk etməsi üçün ona vaxt lazımdır. Bu yaşda o, bütün rekordları qırmağa tam qadirdir. Mən buna zərrə qədər də şübhə etmirəm”.

, ,