Serci sürücünün hazırlığı ilə bağlı çox sayda məsələyə cavabdehlik daşıyır: təkcə onun fiziki forması ilə yox, həm də düzgün qidalanmasını təşkil edir, psixoloji aspektlərlə, o cümlədən stresə davamlılıqla məşğul olur və hətta yuxu rejiminə də cavab verir.
Kimi dünya çempionatında qələbə qazandıqdan sonra Abila İspaniyanın DAZN telekanalına müsahibə verib və gənc italiyalı ilə əməkdaşlıqdan danışıb. Bu əməkdaşlıq hələ Antonelli Formula4-də çıxış edəndə başlayıb.
“İlk görüşümüzü çox yaxşı xatırlayıram, bu, 2022-ci ildə idi, – deyə Serci danışıb. – O vaxt işlədiyim Finlandiyada hər şeyi atıb onun yanına, Bolonyaya tez uçdum, çünki Kimi bilək zədəsindən sonra yenicə əməliyyat keçirmişdi. Yadımdadır ki, hava limanından birbaşa onun evinə getdim və o, məni qarşılamağa çıxdı…
O vaxta qədər tanış deyildik, amma mən tez başa düşdüm ki, o, xüsusi biridir. Bununla yanaşı, çox təvazökar və tam normal bir oğlandır, üstəlik, çox gözəl insani keyfiyyətlərə malikdir. Mən həmişə demişəm ki, onunla işləmək çox xoşdur. İş münasibətlərində bəzən problemlər başlayır, amma bu, bizim halımız deyil – Kimi ilə işləmək çox asandır, hər şey sanki öz-özünə alınır, buna görə də mən çox məmnunam.
Kimi çox ağıllı gəncdir, eyni zamanda, çox həssasdır, birlikdə işlədiyi insanlara çox bağlanır – onun hamı ilə, o cümlədən mexanikləri ilə də hansısa xüsusi münasibəti var.
Məsələn, o, onlarla ünsiyyət qurmağa gedəndə mən narahat olmağa başlayıram, hətta trasda gec saatlaradək qalsaq belə – halbuki o, bunu həmişə edir. Bu, onun təbii və gözəl keyfiyyətlərindən biridir. Qarajda o, özünü həmişə evindəki kimi hiss edir, ümumiyyətlə, ora onun ən sevdiyi yerdir. Onun sözün əsl mənasında ətrafa yaydığı müsbət enerji hər kəsə daha yaxşı işləməyə kömək edir.
Biz lap əvvəldən psixoloji hazırlığa çox böyük diqqət ayırmışıq və bu il Antonellinin nəticələri daha da yüksəkdir, amma bununla belə, realist qalmağa çalışırıq və qarşımıza həmişə yeni vəzifələr qoyuruq.
Mən həmişə deyirəm ki, biz qələbələri qeyd etmirik, dərhal növbəti yarış barədə düşünməyə başlayırıq, amma əlbəttə, Kimi titul qazandığı gün biz özümüzə bu hadisəni qeyd etməyə icazə verdik. Onun yenidən çempion olub-olmayacağını əvvəlcədən bilmək mümkün deyil, buna görə də bu anın dadını çıxarmaq lazımdır.
Yalnız indi biz nəyə nail olduğumuzu anlamağa başlayıram. Əlbəttə, mən sadəcə xoşbəxtəm, çünki mən də çox şeydən keçməli olmuşam. Keçmişdə çox çətin dövrlər yaşamışıq, üstəlik, bunları əvvəlcədən görmək mümkün deyildi, amma sonda mən bu işi qəbul etdim, hər şeyi atıb bu layihə ilə məşğul olmaq üçün Bolonyaya köçdüm.
Əgər siz mümkün olan ən yüksək nəticələrə çatmaq, dünya çempionu olmaq istəyirsinizsə, buna bütün gücünüzü verməlisiniz və bu, həm də hansısa şeylərdən imtina etməli olacağınız anlamına gəlir. Amma vaxtilə mən bu qərarı verdim və belə etdiyimə görə çox şadam”.





