Oskar Piastri: “Əlbəttə, yeddinci yerdən daha yaxşı nəticə gözləyirdik. Ümumilikdə, həftəsonu bizim üçün çətin keçib. Potensial baxımından maşın sürətlidir, amma onu idarə etmək çox çətindir. Məşqlərdə və sıralanma turunda müxtəlif variantları sınamışıq, lakin onlar gözlənilən effekti verməyib.
Biz işləməyə davam edəcəyik, çünki maşının potensialı var, sadəcə hələlik onu üzə çıxara bilməmişik. Hazırda əsas vəzifə maşını necə daha sürətli edə biləcəyimizi anlamaq və yarışda maksimum nəticə çıxarmaqdır. Əgər startda mövqelər qazana bilsək, düşünürəm ki, onları qoruya bilərik”.
Lando Norris: “Bu gün maşın çox sürətli idi, amma onu idarə etmək inanılmaz dərəcədə çətin oldu. Yəqin ki, bu, mənim həyatımda idarə edilməsi ən çətin maşındır, amma o, startda ikinci yeri tutmağa imkan verirdi, mən isə yalnız səkkizinci nəticəni göstərə bildim. Aydındır ki, bu gün çox pis işləmişəm. Amma yenə də inanıram ki, yarışda yaxşı nəticə qazanmaq üçün imkanımız olacaq.
Ötmənin nə dərəcədə çətin olacağını və bu kimi məqamları bilmirəm, amma trasın böyük hissəsində biz kifayət qədər rəqabətədavamlıyıq. Əsasən üçüncü sektorda problemlərimiz var, orada çoxlu ləng döngə var. Açığı, trasın həmin hissəsində biz kifayət qədər bərbad görünürük.
Maşından can atdığım ideal davranışı almaq mümkün deyil – onun hansısa üç döngədə davranışını yaxşılaşdıran kimi, digər üç döngədə davranışı sadəcə dəhşətli olur. Bu, çətindir, çünki mən poul uğrunda mübarizə aparmaq istəyirəm, amma özümü beşinci yerlə kifayətlənməyə inandırmalı oluram, halbuki bunu heç istəmirəm”.





