Pyer Qasli: Şəraiti nəzərə alsaq, yaxşı nəticədir

Alpine komandasının sürücüsü Pyer Qasli Ostində finişə son xal mövqeyində çatıb və bununla da komandanın ardıcıl üç mərhələ davam edən xalsız seriyasına son qoyub.

Pyer Qasli: “Mən yarışa onuncu yerdən start alıb onuncu yerdə də finişə çatmışam və bir xal qazanmışam. Şəraiti nəzərə alsaq, bu, yaxşı nəticədir – bu gün daha artığına nail ola bilməzdik.

Təəssüf ki, Oliver Börmanla kiçik təmasım olub – kontakt çox güclü olmasa da, maşınıma ciddi zədələr vurub. Finişdən sonra maşına baxanda gördüm ki, döşəmənin sağ hissəsində kifayət qədər böyük karbon parçası çatışmırdı. Bunu, eləcə də sürət itkisini nəzərə alsaq, onuncu yeri qoruya bilməyim də pis nəticə deyil.

Bundan başqa, pit-stop zamanı texniki nasazlıq səbəbindən ləngimə yaşanıb – hazırda komanda səbəbləri araşdırır. Ola bilsin, Liam Louson ilə mübarizə aparıb doqquzuncu yer uğrunda ona təzyiq göstərə bilərdim, amma bu gün bunu etmək alınmadı. Ümumilikdə, bir xal qazandığıma görə razıyam.

İndi Meksikaya yollanırıq. Qarşıdakı uik-endin nə gətirəcəyini görəcəyik”.