Maks Ferstappen: Tempimiz kifayət qədər yaxşı olmayıb

Maks Ferstappen Ostində podiuma yüksəlib, yarışı üçüncü yerdə başa vurub. Red Bull Racing sürücüsü bildirib ki, maşın qələbə uğrunda mübarizə aparmaq üçün kifayət qədər sürətli olmayıb.

Maks Ferstappen: “Düşünürəm ki, tempimiz kifayət qədər yaxşı olmayıb. Bundan başqa, ixtiyarımızda olan təkərlər ən uyğun seçim olmayıb. Sürət çatışmazlığının səbəblərini komanda ilə birlikdə araşdırmalı olacağıq, çünki son iki yarışda hər şey əla işləyib, amma nədənsə bu trasda alınmayıb.

Buna baxmayaraq, podiuma yüksəlmək mümkün olub. Ola bilsin, finişə yaxın Virtual Təhlükəsizlik Maşını mənim xeyrimə işləyib, amma buna yalnız sevinirəm.

Lando Norrisi ötmək? Vəziyyət elə olub ki, ya mən onu ötməli idim, ya da məni ötəcəkdilər, buna görə də ötməyə cəhd etmək qərarına gəldim”.