Kimi Antonelli təsdiqləyib ki, Monzada cəza alacaq

Niderland mərhələsinə Kimi Antonelli şəxsi hesabda lider kimi yollanır və Lyuis Həmiltondan 50 xal öndədir. Amma onun bu üstünlüyü qoruyub saxlaması, hətta artırması belə, asan görünmür. Çünki onun üçün doğma olan İtaliya Qran Prisində daxiliyanma mühərrikinin dəyişdirilməsinə görə qaçılmaz olaraq cəza alacaq. Bu isə mövsümün əvvəlindən bəri artıq beşinci belə dəyişiklik olacaq.

Kimi Antonelli: “Bunu Monzada edəcəyik, çünki ora ötmənin ən asan başa gəldiyi traslardan biridir. Əlbəttə, bu mənim ev yarışımıdır, amma hazırda ilk növbədə çempionatdakı vəziyyəti düşünürəm. Mövsümün hansısa mərhələsində qaçılmaz olaraq cəza almalı olduğumuza görə hər şeyi götür-qoy etməli və harada itirdiklərimi geri qazanmaq, yaxşı nəticə göstərmək şansımın daha çox olacağını anlamalı idik.

Buna görə Monzanı seçdik, bu baxımdan ora birmənalı şəkildə ən uyğun variantdır və biz hər halda yarışı yaxşı keçirməyə, italyan azarkeşləri sevindirməyə çalışacağıq.

Yay tətilinə gəlincə, ona həqiqətən ehtiyacım var idi, baxmayaraq ki, özümə cəmi bir neçə gün istirahət icazəsi verdim – Sardiniyada oldum və yerli kartinq trasına yollandım. Düzdür, ora elə ilk gündən getmək istəyirdim, amma daha bir gün dözə bildim. Ümumiyyətlə isə hər şeydən uzaqlaşmağa çalışırdım və günorta birə qədər yatırdım.

Amma sonra, Almaniyada Niderland Qran-prisinə hazırlaşdığım təlim-məşq toplanışının ilk günü kifayət qədər çətin keçdi, heç cür diqqətimi cəmləyə bilmirdim. Elə ilk gündən buz vannaları qəbul edirdim, sonra hovuzda məşq edirdim. Bilmirəm, bəlkə də tətildə həddindən artıq boşalmışdım, amma o səhər həqiqətən çox ağır idi, özümü sanki zombi kimi hiss edirdim!

Ancaq deməliyəm ki, bütün bu səylər özünü doğrultdu, ona görə də indi döyüş əhvalındayam və trasda işə başlamağa hazıram.

Komandamız mövsümün Kanada mərhələsindən bəri nəzərəçarpan texniki yeniliklər tətbiq etməyib, halbuki McLaren və Ferrari maşını intensiv şəkildə təkmilləşdirirlər. Hollandiyada da biz yalnız kiçik yeniləmələr təqdim edəcəyik, bunlar isə nəzərəçarpan üstünlük qazanmağa imkan verməyəcək.

Daha ciddi yeni detallar paketi bir neçə yarışdan sonra hazır olacaq və ümid edirik ki, bu, ilin əvvəlində malik olduğumuz üstünlüyü geri qaytarmağa imkan verəcək. Hər halda, bizim sürətli maşınımız var, buna görə gözləntilərim yüksəkdir. Ümid edirəm ki, bu həftəsonu əlimizdə olacaq bütün imkanlardan maksimum istifadə edə biləcəyik, xüsusən də nəzərə alsaq ki, onun proqramına sprint də daxildir”.