Cümə günü sprint təsnifatının nəticələri heç də hamının gözlədiyi kimi olmayıb. Məcburi beş həftəlik fasilədən sonra qüvvələr nisbəti dəyişmiş kimi görünür və bunu şənbə günü keçirilən sprint yarışı da təsdiqləyib: ilk üç Qran Pridə dominantlıq edən Mercedes pilotları hətta ilk üçlüyə düşə bilməyiblər. McLaren sürücüləri ilk iki yeri tutarkən, Mercedes pilotlarından Corx Rassell dördüncü, Kimi Antonelli isə yalnız altıncı ola bilib.
Əsas sıralanma turunda qüvvələr nisbətinin yenidən bir qədər dəyişdiyini dəfələrlə müşahidə etmişik və bu dəfə də elə olub – komandalar bir gün əvvəl göstərilən nəticələri nəzərə alaraq sazlanmalarda müəyyən düzəlişlər ediblər. Pirelli “yumşaq” tərkiblər üçlüyünü – Hard, Medium və Soft rolunda C3, C4 və C5 tərkiblərini gətirib.
İlk sessiyada Hülkenberq – sprint yarışındakı yanğından sonra onun maşınını bərpa etmək mümkün olub – Medium təkərlərlə trasa çıxıb, digərlərinin maşınlarına isə dərhal Soft təkərlər quraşdırıblar.
İlk cəhddə Ferstappen 1:29.099-luq nəticə ilə protokola başçılıq edib. Qasli və Kolapinto dövrəni başa vurmadan boksa qayıdıblar. Elbon təkərləri bloklayaraq trasdan kənara çıxıb, lakin maşına heç nə olmayıb.
Sprint yarışında Bortoleto mühərrikin hava girişində təzyiq həddinin aşılmasına görə diskvalifikasiya olunub, mexaniklər uzun müddət onun maşını ilə məşğul olublar və sessiyanın lap sonunda Qabriel trasa çıxıb.
Ferstappen ikinci cəhddən imtina edib, Antonelli isə dövrəni təxminən yarım saniyə daha sürətli – 1:28.653 nəticə ilə başa vuraraq birinci pilləyə yüksəlib. İkinci pilləni 1:28.936 nəticə ilə Lekler tutub.
Lindblad, Alonso, Stroll, Peres, Bottas və Bortoleto sonrakı mübarizədən kənarda qalıblar.
Sessiya başa çatdıqdan sonra Bortoletonun maşınının arxa əyləcləri alışıb – bu, şənbə günü Audi-də baş verən ikinci yanğın olub. Sarı bayraqlar göstərilib, Qabriel üçüncü sektorda dayanıb, marşallar yanğınsöndürənlərlə maşının ətrafına toplaşıblar.
Bortoletonun maşınının təxliyəsi üçün ikinci sessiya bir neçə dəqiqə təxirə salınıb.
İkinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. İlk cəhddə ən yaxşı nəticəni Antonelli göstərib – 1:28.352. Norris trasdan kənara çıxaraq dövrəsini korlayıb. İkinci cəhddə Ferstappen 1:28.116 nəticə ilə protokola başçılıq edib. Hülkenberq, Louson, Berman, Sayns, Okon və Elbon son hissəyə keçə bilməyiblər.
Lekler səkkizinci döngədə maşının döşəməsi ilə kerbə toxunub və mexaniklərdən maşını yoxlamağı istəyib.
Son sessiyada hamı ilk cəhdi yeni Soft təkər dəsti ilə yerinə yetirib. Antonelli 1:27.798-lik nəticə ilə protokollara başçılıq edib. İkinci cəhddə yalnız Ferstappen nəticəsini yaxşılaşdıraraq ikinci pilləyə yüksəlib.
Beləliklə, Kimi Antonelli Mayamidə sıralanma turunu qazanaraq ardıcıl üçüncü poulunu əldə edib. Maks Ferstappen ikinci olub və mövsümdə ilk dəfə ilk cərgədən start götürəcək. İkinci cərgəni Lekler və Norris, üçüncü cərgəni isə Rassell və Həmilton bölüşəcəklər.
Sabah bizi çox maraqlı yarış gözləyir. Görəsən Kimi Antonelli ardıcıl üçüncü poulunu ardıcıl üçüncü qələbəsinə çevirə biləcək? Buna mane olması ən real olan rəqibi – komanda yoldaşı Corc Rassell bir qədər geridən start alacaq. Bu da gənc sürücünün dominantlıq nümayiş etdirərək qalib gələ biləcəyini deməyimizə əsas verir.
Yarışa havanın vəziyyəti də rəng qata bilər. Belə ki, yarış vaxtına yağışlı hava, hətta tufan proqnozlaşdırılır və yarışın mümkün ləğvi hələ də gündəmdədir…
| S | Pilot | Komanda | Sessiya | Nəticə |
|---|---|---|---|---|
| 1 | Kimi Antonelli | Mercedes | 3 | 1:27.798 |
| 2 | Maks Ferstappen | Red Bull | 3 | 1:27.964 |
| 3 | Şarl Lekler | Ferrari | 3 | 1:28.143 |
| 4 | Lando Norris | McLaren | 3 | 1:28.183 |
| 5 | Corc Rassell | Mercedes | 3 | 1:28.197 |
| 6 | Lyuis Həmilton | Ferrari | 3 | 1:28.319 |
| 7 | Oskar Piastri | McLaren | 3 | 1:28.500 |
| 8 | Franko Kolapinto | Alpine | 3 | 1:28.762 |
| 9 | Ayzek Həcər | Red Bull | 3 | 1:28.789 |
| 10 | Pyer Qasli | Alpine | 3 | 1:28.810 |
| 11 | Niko Hülkenberq | Audi | 2 | 1:29.439 |
| 12 | Lyam Louson | Racing Bulls | 2 | 1:29.499 |
| 13 | Oliver Berman | Haas | 2 | 1:29.567 |
| 14 | Karlos Sayns | Williams | 2 | 1:29.568 |
| 15 | Esteban Okon | Haas | 2 | 1:29.772 |
| 16 | Aleks Elbon | Williams | 2 | 1:29.946 |
| 17 | Arvid Lindblad | Racing Bulls | 1 | 1:30.133 |
| 18 | Fernando Alonso | Aston Martin | 1 | 1:31.098 |
| 19 | Ləns Stroll | Aston Martin | 1 | 1:31.164 |
| 20 | Valtteri Bottas | Cadillac | 1 | 1:31.629 |
| 21 | Serxio Peres | Cadillac | 1 | 1:31.967 |
| 22 | Qabriel Bortoleto | Audi | 1 | 1:33.737 |





