Britaniya-2026: Antonelli ilk dəfə sprintdə qalib gəlib

Sprint formatlı həftəsonu burada ikinci dəfə keçirilir. Formula 1 tarixində ilk belə formatlı həftəsonu  2021-ci ildə məhz burada baş tutub.

Həmin vaxt bu format ciddi tənqid edilsə də, zamanla öz yerini tutub və hər il sprint formatda keçirilən mərhələlərin sayı artıb.

Cümə günü Lyuis Həmilton üstün olub – o, yeganə məşq sessiyasında protokollara başçılıq edib, daha sonra isə hər üç sessiyada ən yaxşı nəticəni göstərərək sprint sıralanma turunun qalibi olub.

Sprint yarışında Həmilton və Antonelli ilk cərgəni bölüşüblər. İkinci cərgədən Ferstappen və Lekler, üçüncü cərgədən isə Rassell və Norris start alıblar.

Williams komandası Aleks Elbonun maşını üzərində bağlı park qaydalarını pozub və nəticədə o, yarışa pit-leyndən başlayıb.

Pirelli mərhələyə “orta” üçlüyü – Hard rolunda C2, Medium rolunda C3 və Soft rolunda C4 tərkiblərini gətirib. Bottas, Alonso və Stroll Soft, digər bütün pilotlar isə Medium təkərlərlə start alıblar.

Startda Həmilton liderliyini qoruyub. Norris və Qasli üç mövqe qazanıblar, Ferstappen üç, Həcər isə dörd mövqe itirib. Ferstappen və Lekler Piastrini ötüblər, lakin Oskar qısa müddət sonra Şarlı keçərək mövqeyini geri qaytarıb. 3-cü dövrədə ilk onluq: Həmilton – Antonelli – Norris – Ferstappen – Rassell – Piastri – Lekler – Qasli – Louson – Lindblad.

3-cü dövrədə Rassell Piastrini, 4-cü dövrədə isə Lekler Oskarı ötüb. 5-ci dövrədə Lindblad 9-cu yer uğrunda mübarizədə Qaslini arxada qoyub. 7-ci dövrədə Hülkenberq 14-cü yer uğrunda mübarizədə Bortoletonu keçib.

Antonelli uzun müddət Həmiltona təzyiq göstərib – hər iki pilot yüksək tempdə irəliləyərək digərlərindən uzaqlaşıblar. 8-ci dövrədə Kimi hücum etsə də, Lyuis liderliyini qoruyub.

9-cu dövrədə Antonelli Həmiltonu ötərək liderliyi ələ keçirib və dərhal bir saniyəlik üstünlük yaradıb – onun sürət üstünlüyü kifayət qədər böyük olub.

Peres Alonso ilə toqquşduğuna görə 10 saniyə cərimə alıb. 10-cu dövrədə Rassell Ferstappeni, 11-ci dövrədə isə Lekleri ötərək dördüncü yerə yüksəlib. 12-ci dövrədə ilk onluq: Antonelli – Həmilton – Norris – Rassell – Lekler – Ferstappen – Piastri – Louson – Həcər – Lindblad.

Son dövrələrdə Həmilton fərqi azaltmağa çalışsa da, Antonelli vəziyyətə tam nəzarət edib, hətta üstünlüyünü bir qədər də artıraraq rəqibinə heç bir şans verməyib.

Kimi Antonelli finiş xəttini birinci keçərək karyerasında ilk dəfə sprint yarışının qalibi olub. Lyuis Həmilton ikinci, Lando Norris isə üçüncü yeri tutub.

Bir neçə saat sonra bizi həftəsonunun əsas yarışınının təsnifat mərhələsi gözləyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*