Formula1 üzrə ikiqat dünya çempionu 2027-ci il yanvarın 9-dan 23-dək Portuqaliya və Mərakeşdə keçiriləcək ralli-reydin startına çıxacaq. Qarşıdakı ralli-reydin proqramına proloq və 12 xüsusi mərhələ daxildir.
Fernando Alonso Prodrive şirkətinin hazırladığı və servis xidmətini həyata keçirdiyi üç Aston Martin Dreadnought-dan birini idarə edəcək. Onun şturmanı motosikletlərlə Dakarın beşqat qalibi Mark Koma olacaq.
Digər iki Aston Martin Dreadnought-u ralli üzrə doqquzqat dünya çempionu Sebastyen Löb və ralli-reydlər üzrə qüvvədə olan dünya çempionu Lukas Moraes idarə edəcəklər.
Alonso üçün bu, Dakarda ilk iştirak olmayacaq. İspaniyalı 2020-ci ildə artıq Toyota ilə birlikdə ralli-reyddə özünü sınayıb və həmin vaxt şəxsi hesabda 13-cü yeri tutub.
Fernando Alonso: “Aston Martin-lə Formula 1-də çıxışımı davam etdirmək qərarına gəldikdən sonra Dakarda iştirak barədə ciddi düşünməyə başladım. Sonda qərar aydın oldu. Mən bu çağırışı qəbul etmək və eyni ildə həm Formula1-də, həm də Dakar ralli-reydində yarışmaq istədim.
2020-ci ildə Dakar karyeramın ən çətin, amma eyni zamanda ən maraqlı sınaqlarından biri oldu. Mən bu yarışa və onu bütün incəliklərinə qədər bilən mütəxəssislərə böyük hörmətlə yanaşıram. Bizim Markla yenidən birlikdə çıxış edəcəyimiz mənim üçün çox vacibdir. Aston Martin, Prodrive, Sebastyen və Lukasla əla komandamız alınıb.
Formula1 mənim üçün əsas prioritet olaraq qalır, amma mən sürücüyəm və yarışı məhz belə çağırışlara görə sevirəm. Görək, hansı nəticələri əldə edə biləcəyimizi səbirsizliklə gözləyirəm”.





