Zak Braun: Mən riskli qərarları sevirəm

Yarış günündə Las Veqasda Zak Braunun McLaren-dəki fəaliyyətinin on ili tamam olacaq. Bu dövrə yekun vurarkən, o, Sky Sports-un efirində bildirib ki, əməkdaşlarından hər zaman bəhanə yox, dürüstlük tələb edib…

Zak Braun: “Məncə, McLaren-də “arzularımın komandasını” qurmuşam”.

Bilirsiniz, mən elə əvvəldən Andrea Stellanı komandanın rəhbəri görmək istəmişəm, amma o, əvvəlcə hələ hazır olmadığını deyib. Lakin mən israr etmişəm və ikinci dəfə o, razılaşıb.

Mən riskli qərarları sevirəm. Çoxları onlardan çəkinir, amma mən hesab edirəm ki, əgər baş icraçı direktor mənəmsə, deməli məsuliyyət də mənim üzərimdədir. Baxmayaraq ki, məsuliyyəti öz üzərinə götürmək həmişə xoş olmur – bu, qərarın nə olduğundan asılıdır.

Mən səhvlərə anlayışla yanaşıram. Onları düzəltmək üçün imkan verirəm. Gərək insan öz günahını etiraf etməyi və nəticə çıxarmağı bacarsın. Amma bəhanəyə dözmürəm. Bu, yolverilməzdir. İnsan səhvlərini etiraf etməlidir, onlara bəraət qazandırmamalıdır. Şəxsən mən özüm də çoxlu səhvlərə yol vermişəm.

Mən düşünürəm ki, uğurumuzun sirri komandanın mədəniyyətində, yanaşmamızdadır. Bu uğura görə rəhbər heyətimizə və onların öz bölmələrini necə idarə etmələrinə borcluyam. Amma daha vacibi odur ki, hamımız birlikdə necə işləyirik”.