Hunqarorinq, 01.08.2017

Macarıstan Qran Prisindən iki gün sonra komandalar mövsümiçi ikinci və son testlər üçün yenidən Hunqarorinqə qayıdıblar - ilk testlər aprel ayının ortalarında Bəhreyndə baş tutmuşdu.

Komandalar testlərə bir çox yeniliklərlə gəliblər. Onlar yenilikləri testlərdə sınaqdan keçirərək nəticələri ötən həftəsonu əldə olunan nəticələrlə müqayisə etmək fikrindədirlər.

F-1.az bildirir ki, səhər saatlarında aerodinamikanın yoxlanılmasına üstünlük verilib. Daha sonra isə sürətli və ardıcıl dövrələr vurulub. Bu gün 10 komanda 11 maşınla testlərdə iştirak edib – Mercedes AMG həm də Valtteri Bottasla Pirelli-yə 2018-ci ilin təkərlərinin yoxlanılmasında kömək edib və finlandiyalı sürücü Macarıstan Qran Prisindən iki dəfə çox məsafə qət edib. Çempionatın liderinin digər maşını isə 19 yaşlı Corc Rasselə tapşırılıb. İndiyə qədər W07-ni simulyatorda idarə edən gənc sürücü bu dəfə real maşına əyləşib və 100-dən çox dövrə vuraraq komandaya həftəsonu qarşılaşdıqları problemlərin həllini tapmaqda kömək edib. O, sabahkı testlərdə də işləyəcək.

Ferrari də gənc sürücünün – haqqında çox danışılan Şarl Leklerin köməyindən istifadə edib. Formula2-nin cari mövsümdə lideri gələn il Sauber komandasında çıxış etməyə ən real namizədlərdən biridir. Bu, Şarlın Ferrari ilə ikinci testləridir – monakolu sürücü keçən mövsüm Silverstounda da işləmişdi.

Force İndia maşını nahara qədər Nikita Mazepinə, günün ikinci hissəsində isə sabiq Formula1 sürücüsü Gerhard Bergerin bacısı oğlu Lukas Auerə tapşırıb. Komanda sabah da eyni proqramla işləyəcək. Renault-da R.S.17-nin sükanı arxasına bu gün Nikolas Latifi keçib. Sabah isə onu Robert Kubitsa əvəz edəcək. Polşalı sürücü bu gün trasda olub və testləri müşahidə edib. O, həm də FİA-nın məcburi kokpiti tərketmə testindən keçib.

Şon Gelael Red Bull-un gənclər proqramına daxil olmasa da, bu il artıq ikinci dəfə KFC-nin sponsorluğu ilə testlərdə STR12-nin sükanı arxasına keçib. Haas komandası Santino Ferruççini bu dəfə də testlərə dəvət edib, Sauber isə Qustav Malyaya ilk dəfə Formula1 maşını idarə etmək imkanı verib.

Testlər üç dəfə qırmızı bayraqlarla saxlanılıb – səhər saatlarında Toro Rosso-nun maşınında texniki problem yaranıb, daha sonra isə Vandorn ikicni sektorda dayanmalı olub. Maks Ferstappen də mühərrikdə problem yaşayıb və günün bir hissəsini boksda keçirməli olub.

Pirelli testlərə bütün tərkibləri gətirib, lakin sürücülər daha çox SuperSoft təkərlərlə işləməyə üstünlük veriblər. Vandornun UltraSoft təkətlətlə göstərdiyi nəticə günün sonuna qədər ən yaxşı olsa da, Lekler son dəqiqədə Soft təkərlərlə onu üstələyib və protokollara başçılıq edib – 1:17.746.

Testlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 32 Şarl Lekler Ferrari 1:17.746 98
2 2 Stoffel Vandorn McLaren 1:17.834 + 0:00.088 72
3 77 Vaktteri Bottas Mercedes AMG 1:18.732 + 0:00.986 155
4 63 Corc Rassel Mercedes AMG 1:19.231 + 0:01.485 119
5 18 Ləns Stroll Williams 1:19.866 + 0:02.120 138
6 34 Nikita Mazepin Force İndia 1:19.910 + 0:02.164 52
7 45 Nikolas Latifi Renault 1:20.302 + 0:02.556 54
8 38 Şon Gelael Toro Rosso 1:20.341 + 0:02.595 101
9 35 Lukas Auer Force İndia 1:20.563 + 0:02.817 54
10 50 Santino Ferruççi Haas 1:21.185 + 0:03.439 102
11 33 Maks Ferstappen Red Bull 1:21.228 + 0:03.482 58
12 36 Qustav Malya Sauber 1:21.503 + 0:03.757 108

 

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*