Antonelli: Biz sadəcə işi sona çatdırmalıyıq

ABŞ Qran Prisi ərəfəsində mətbuatın Andrea Kimi Antonelliyə marağı daha da artıb, çünki artıq bu həftəsonu italiyalı sürücü vaxtından əvvəl titul qazana bilər - bunun hansı şərtlərlə baş verə biləcəyindən danışmışdıq.

Dünya çempionatının şəxsi hesabında lider olan Kimi artıq ABŞ-yə yollanıb, onu burada kifayət qədər sıx proqram gözləyir: Kimi təkcə klassik kovboy stetson şlyapasını geyinməyə yox, həm də “San Antonio Spurs” basketbol klubunun məşqində olmağa, o cümlədən boyu 224 sm olan komandanın mərkəz oyunçusu Viktor Vembanyama ilə şəkil çəkdirməyə də vaxt tapıb.

Kiminin boyu təxminən 172 sm olduğuna görə, ortaya kifayət qədər təsirli foto alınıb.

Təbii ki, mətbuatla görüşlər də yaddan çıxmayıb və orada söhbət artıq yarışlardan gedib.

“Yarışlar barədə daim düşünürəm, – deyə Antonellinin sözlərini Racer Amerikan nəşri sitat gətirib. – Evdə olanda da həmişə haradasa sürürəm – ya Mizano trasında atamın Mercedes AMG GT63 ilə, ya simulyatorda, ya da kartinq trasında.

Bununla belə, Formula 1 və çempionatdakı vəziyyətim barədə daha az düşünməyə çalışıram. Mənə elə gəlir ki, buna həddindən artıq çox vaxt ayırsan, yəqin ki, narahat olmağa başlamaq riski yaranar. Evdə isə insan dincəlmək, adi işlərlə məşğul olmaq istəyir.

Amma deyə bilərəm ki, maşınımı yumağı sevirəm və bunu həmişə avtomatik yuyucuda yox, əl ilə edirəm, üstəlik, bunu çox diqqətlə görürəm. Çünki avtomobilləri sevirəm, maşına qulluq etməkdən zövq alıram, onun həm çöldən, həm də içəridən təmiz olmasını sevirəm…”

Bu il Kimi mövsümün elə ilk yarışlarından özünü göstərib, Avstraliyada podiuma yüksəlib və artıq mövsümün ikinci mərhələsi olan Çində qələbə qazanıb. Hazırda onun hesabında artıq səkkiz qələbə var və heç bir şübhə yoxdur ki, bununla kifayətlənməyəcək.

“Bu il hərəkətlərimə daha yaxşı nəzarət edirəm, ikinci dərəcəli müxtəlif məsələləri həll etməkdə mənə kömək edən ətrafımdakı insanlara daha çox güvənirəm, – deyə Antonelli davam edib. – Şəxsən məni ən çox bir məsələ düşündürür: trasda maksimum mümkün nəticə göstərməliyəm.

Bu il yanaşmam daha düzgündür, hiss edirəm ki, mənimlə işləyən insanlar məni yaxşı qoruyur və qayğıma qalır, buna görə də ən vacib məsələyə köklənə bilirəm.

Əgər Formula1-ə keçəndən sonra Mercedes-də yox, daha kiçik komandada olsaydım, yəqin ki, hər şey daha asan olardı, amma burada işin həcmi çox böyükdür, o cümlədən trasdan kənarda da yük böyükdür, işgüzar tərəfdaşlarla daha çox görüş, müxtəlif reklam aksiyaları var. Amma top-komanda üçün bu, normaldır.

Məni düzgün anlayın: Mercedes-in sürücüsü olduğuma görə çox şadam, çünki mənə elə gəlir ki, burada çox şeyi öyrənə bilmişəm. Xüsusilə də vacib olan budur ki, mən dərhal təzyiqin öhdəsindən gəlməyi öyrənmişəm…

İlin əvvəlində heç gözləmirdim ki, artıq bu mövsümdə titul uğrunda mübarizə apara bilim, hərçənd, əlbəttə, indiki vəziyyətdə olmağıma çox şadam və komandaya çox minnətdaram. Buna görə də mənim vəzifəm hücum etməyə davam etməkdir. Maşında özüməinam hiss edəndə bilirəm ki, qələbələr və podiumlar uğrunda mübarizə apara bilərəm. İndi isə sadəcə işi sona çatdırmalıyıq”.