Pit-leynin çıxışında baş vermiş və Niko Hülkenberq start prosedurunu yerinə yetirərkən Ləns Strollu əngəllədiyi insident cəzasız qalıb, çünki stüardlar Audi komandasının pilotunun həmin vəziyyətdə yaxınlaşan Aston Martin maşınını görə bilmədiyi ilə bağlı izahını qəbul ediblər.
Stüardlar, həmçinin qeyd ediblər ki, Stroll əyləcə basmağa məcbur qalsa da, vəziyyət o qədər də təhlükəli olmayıb.
İshaq Həcər 1-ci döngədə baş vermiş epizodda Williams pilotu Aleks Əlbona münasibətdə düzgün olmayan hərəkətlərə yol verdiyinə görə xəbərdarlıq alıb. 23 nömrəli maşının sürücüsü məhz Həcərə mane olmamaq üçün trasın hüdudlarından kənara çıxıb. Bununla belə, Red Bull Racing sürücüsü əyləcləmə zamanı təkərləri bloklayıb və buna görə dövrəsini yarımçıq dayandırmalı olub.
Rəsmi protokoldan sitat gətirək: “Təbii ki, o, bundan narazı qalıb və 23 nömrəli maşına tərəf hərəkət edib, yəni onun bu addımı “cavab hərəkəti” kimi qiymətləndirilə bilər.
Stüardların fikrincə, bu cür davranış sadəcə düzgün olmayan hərəkət deyil, həm də qınağa layiqdir, buna görə fransalı sürücü xəbərdarlıq alıb. Nəticələr daha ciddi olsaydı, cəza da daha sərt olardı.
Nəhayət, Qabriel Bortoleto da boksa qayıdarkən 12-ci döngədən əvvəl həddindən artıq yavaşladığı və bununla Lyuis Həmiltona mane olduğu üçün xəbərdarlıq alıb, nəticədə britaniyalı sonuncu dövrəsini yarımçıq dayandırmalı olub.
Bortoletonun izahına görə, mühəndis onu insidentdən 15 saniyə əvvəl 44 nömrəli Ferrari-nin yaxınlaşması barədə xəbərdar edib, lakin Qabriel həmin anda Audi ilə baş verənlərə diqqət yetirdiyindən Həmiltonun maşınını yalnız son anda görüb.
Ferrari nümayəndəsi insidenti təhlükəli saymasa da, stüardlar yenə də belə qərara gəliblər ki, Bortoletonun vəziyyəti çətinləşdirməmək imkanı olub və braziliyalı sürücü xəbərdarlıq alıb. Həm də ona görə ki, məşqlərdə baş verən oxşar insidentlərə görə digər sürücülərə də məhz belə sanksiyalar tətbiq olunub.





