Haas 2024-cü ildə sürücü heyətini saxlamağı düşünür

Günter Ştayner bu mövsüm Kevin Maqnussen və Niko Hülkenberqin çıxışından razıdır - komanda onların səyi ilə yeddi yarışdan sonra 8 xal toplayıb.

F-1.az xəbər verir ki, Haas komandasının başçısı hər iki sürücünün 2024-cü ildə komandadakı yerlərini qoruyacaqlarını açıqlayıb.

Günter Ştayner: “Əgər biz pilotlar bazarındakı vəziyyətdən danışsaq, hazırda bizdə olan cütlükdən kifayət qədər razıyıq. Keçənilki vəziyyəti təkrarlamamaq üçün gələn il üçün sürücülərin adlarını mümkün qədər tez açıqlamaq istəyirik.

2022-ci ildə biz elanı gecikdirdik və növbəti mərhələdə heyəti açıqlayacağımızı hər yarışda təkrarladıq. Axırda hamı bundan bezdi.

Mən Nikonun çıxışlarından razıyam – onun təcrübəsi bizə kömək edir. O, həmişə problemdən açıq danışır və bu yanaşma mənim xoşuma gəlir. Heç kim heç nəyi gizlətməyə çalışmır və hamı problemin həlli üçün birgə çalışır”.