Günter Ştayner: “Cin Haasın bu komandanı, ümumiyyətlə, niyə yaratdığını anlamaq üçün bunu onun özündən soruşmaq lazımdır. Mən indiyə qədər bunu başa düşməmişəm.
Mənim üçün belədir: əgər sən bu idmana gəlirsənsə və rəqabətədavamlı olmaq istəyirsənsə, məqsəd həmişə birdir – qələbə. Mən çox yaxşı başa düşürəm ki, qalib yalnız bir nəfər ola bilər, amma sən maksimuma can atmalısan, sadəcə iştirak etdiyinə sevinməməlisən.
Başlanğıcda bizim dəqiq planımız var idi. Formula1-ə düşmək çox çətindir – bunu indi Cadillac-la bağlı vəziyyət də aydın göstərir. Biz kifayət qədər tez yaxşı nəticələr əldə etdik, sonra uğursuz mövsümlərimiz də oldu, məsələn, 2019-cu il. Amma bu, idmanda normaldır – xüsusən də ən güclülərlə mübarizə apardığın vaxt daim yüksək səviyyədə çıxış etmək mümkün deyil.
Bir məqamda, bilmirəm, bəlkə Cin Formula1-ə marağını itirdi, ya da komandanın başqa cür idarə olunmalı olduğunu düşündü. Hər halda, zaman keçdikcə münasibətlərimiz pisləşməyə başladı”.
Ştayner əlavə edib ki, o, hələ də Haas-dan daha əvvəl ayrılmadığına görə təəssüflənir: “Düşünürəm ki, mən Haas-da lazım olduğundan iki il artıq qaldım. Yəqin ki, komandanın inkişafı ilə bağlı baxışımı sahiblərə başqa cür çatdırmalı idim.
Bu işə marağımı nə vaxt itirməyə başladığımdan danışsaq, yəqin ki, 2022-ci ilin sonu və ya 2023-cü ildə. Mən digər komandaların hansı istiqamətdə irəlilədiyini görürdüm və uğur qazanmaq üçün nə etmək lazım olduğunu anlayırdım. Amma bu məsələdə rəhbərliyi inandıra bilmədim. Ola bilsin, bu mənim günahımdır, amma gələcəkdə uğur qazanmaq istəyiriksə, nə etməli olduğumuzu izah etməyə çalışırdım.
Formula1-də işləməyən biri üçün yeddi və ya səkkiz il ərzində yalnız xallar uğrunda mübarizə aparmağın nə demək olduğunu anlamaq çətindir. Mən artıq bu yolu keçmişdim və podiuma yüksəlmək istəyirdim. Amma daha böyük hədəflər uğrunda mübarizə aparmaq imkanın yoxdursa, mən hər il eyni şeyi etmək istəmirəm – Haas-da ildən-ilə bir neçə xal uğrunda mübarizə aparırlar.
Mən on il xal qazanmağa, yeddinci, səkkizinci, doqquzuncu və ya onuncu yeri tutmağa çalışdım. Bir məqamda özünə deməlisən: “Mən podium uğrunda mübarizə aparmaq istəyirəm”.
Əgər sən ambisiyalısansa, həyatda məhz buna nail olmaq istəyirsən. Haas-da malik olduğum imkanlarla mən nə vaxtsa podiuma yüksələ bilərdimmi? Xeyr. Mən belə bir ehtimala inanmırdım və növbəti xallar artıq məni qane etmirdi, buna görə də nəyisə dəyişməyin vaxtı çatmışdı. Hesab edirəm ki, belə vəziyyətdə getmək mənim üçün doğru qərar idi”.





