Horner: Ştayner karyerasını Netflix serialı sayəsində qurub

Kristian Horner - hərçənd, kifayət qədər xoş niyyətlə - Red Bull Racing-dəki keçmiş həmkarı Günter Ştaynerlə bağlı zarafat edib. Hornerin fikrincə, Ştayner karyerasını daha çox Drive to Survive sənədli serialı və qeyri-adi xarakteri sayəsində qurub, nəinki 2024-cü ilin yanvarında tərk etdiyi Haas komanda rəhbəri vəzifəsindəki nailiyyətləri hesabına.

2019-cu ilin martında Netflix platformasında nümayiş olunan Drive to Survive serialının yaradıcıları Ştaynerə kifayət qədər efir vaxtı ayırıblar və paddokun bu personajının ekssentrik davranışlarını bilərəkdən ön plana çıxarıblar. Bu da onun populyarlığını daha da artırıb.

“Bu adamlar öz teleşousunu hazırlayanda, onların əlində saatlarla çəkilmiş material olur və hər şey bunu necə montaj etməyinizdən asılıdır, – deyə Horner bu yaxınlarda Autosport-a müsahibəsində bildirib. – İstənilən insanı istəsəniz, ya mənfi qəhrəman, ya da qəhrəman kimi təqdim etmək olar. Bu şou inanılmaz dərəcədə uğurlu alınıb, çünki orada bəzi qarşıdurmaların pərdəsi aralanıb, paddokun müəyyən simaları və sürücülərin xarakterləri gözlənilməz tərəfdən göstərilib.

Günter Ştayner karyerasını məhz bunun üzərində qurub… Demək istəyirəm ki, Formula1-də o, Haas komandasına rəhbərlik edəndə, komandası bir dəfə də olsun podiuma yüksəlməyib. O, kifayət qədər parlaq personajdır və bizimlə işlədiyi vaxt onun xarakteri bəzən xeyli qorxuducu şəkildə üzə çıxırdı, amma Ştayner çoxlarının diqqətini cəlb edib və Formula1 azarkeşlərinin ordusu daha da böyüyüb. Bu isə əladır!”

Günter Ştayner Haas komandasının qurucularından biri olub və 2016-cı ildəki debüt mövsümündən 2023-cü ilin sonuna qədər ona rəhbərlik edib. Hələ bu vəzifədə çalışarkən o, Formula1-dəki iş təcrübəsindən bəhs edən ilk kitabını nəşr etdirib, kitabın adı Netflix serialına istinad edirdi – Driving to Survive. Bir il sonra isə Haas-dəki fəaliyyəti ilə bağlı xatirələrindən ibarət ikinci kitabı da çıxıb. Hazırda o, Almaniyanın RTL telekanalı ilə ekspert qismində əməkdaşlıq edir.

,