Rəsmən: F.Alonso Renault ilə Formula1-ə qayıdır

Artıq dünəndən bir çox nüfuzlu resursda bu barədə məlumat yayılmışdı və rəsmi açıqlanmanın bu gün ediləcəyi bildirilmişdi.

F-1.az xəbər verir ki, Renault komandası ikiqat dünya çempionunun 2021-ci ildə komandada yarışacağını bir qədər əvvəl rəsmən elan edib. Fernando gələn il komandanı tərk edərək McLaren-ə keçəcək Daniel Rikkardonun yerini tutacaq və Esteban Okonun komanda yoldaşı olacaq, eyni zamanda, 2022-ci ildən tətbiq olunacaq yeni reqlamentə hazırlaşmaqda komandaya kömək edəcək.

Xatırladaq ki, bu, ispan sürücünün Renault-ya üçüncü gəlişidir. Bu komandada debüt yarışına 2003-cü ildə çıxan Alonso 2006-cı ilə qədər əməkdaşlığını davam etdirib, 2005 və 2006-cı illərdə dünya çempionu olub. 2007-ci ili McLaren-də keçirdikdən sonra yenidən Renault-ya qayıdıb daha iki mövsümü burada keçirib. Renault ilə 105 yarışa çıxıb və 17 qələbə əldə edib.

Fernando Alonso: “Renault mənim ailəmdir. Buraxa xoş xatirələrim var və 2 titul qazanmışam. Lakin indi gələcəyə baxıram. Çox təsirlənmişəm və mənə karyeramı başlatmaq şansını verən, indi də idmanın ən yüksək səviyyəsinə qayıtmaq imkanı yaradan komandaya yenidən gəldiyim üçün qürurluyam.

Komandanın layihələri ilə bağlı prinsiplərim və ambisiyalarım var. Bura qışda komandanı inkişaf etdirmək və 2022-ci ildə qarşıya qoyulan məqsədlərə çatmaq da daxildir. Yarış təcrübəmi burada hamı ilə – mühəndislərlə, mexaniklərlə və komanda yoldaşımla bölüşməyə hazıram. Komanda da mənim kimi, podiuma qayıtmaq istəyir”.

Siril Abitebul: “Fernando ilə müqavilə Formula1-də qalmağa qərar verən və liderliyə qayıtmaq istəyən Renault-nun uzunmüddətli planının bir hissəsidir. Onun varlığı komandamızın potensialını artıracaq və Renault markası üçün də çox önəmlidir. Bu, qarşılıqlı seçimdir, biz keçmişdəki uğurlara köklənməyəcəyik və gələcəyə baxacağıq. Fernandonun təcrübəsi və nəticəyə köklənməsi hər iki tərəfin ən güclü xüsusiyyətlərinin aşkara çıxarılmasına komandanın müasir Formula1-də lazımi səviyyəyə qalxmasına kömək edəcək.

Bundan əlavə, bütün maneələri aradan qaldırmaq üçün sürətlə inkişaf edən komandamızla birlikdə işləyəcək və yarış mədəniyyətini gətirəcək. Onun vəzifəsi – Esteban Okonla birlikdə komandanın 2022-ci ilə ən yüksək səviyyədə hazırlaşmasına kömək etməkdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*