İspaniyanın AS nəşrinə danışan Aston Martin sürücüsü bildirib ki, dəyişiklik sınmış turbinə görə lazım olub. Lakin yarışdan sonra Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şantaro Orihara əmin edib ki, turbinlə bağlı hər şey qaydasında olub və dəyişiklik sürücünün tələbi ilə baş verib.
Şintaro Orihara: “Turbin sınmamışdı. Biz bu komponenti Fernandonun şərhlərindən sonra dəyişmək qərarına gəldik. Telemetriya məlumatlarında heç bir problem aşkar etmədik, amma sürücü ən yaxşı sensorudur, buna görə də onun iradlarına qulaq asmaq və komponenti dəyişmək qərarına gəldik.
Xoşbəxtlikdən, növbəti yarışa qədər iki həftə vaxtımız var. Bu müddətdə hər şeyi yoxlayacağıq ki, turbinin lazım olduğu kimi işlədiyinə əmin olaq”.
Fernando Alonso güc qurğusunda yarış zamanı yaşanan digər problemlərdən də danışıb: “Yarışda enerjinin verilməsi ilə bağlı çoxlu problemlərimiz var idi. Enerji hər zaman əlçatan olmurdu və lazım olan anda deyil, başqa vaxt sərf olunurdu, xüsusən də virtual təhlükəsizlik avtomobili rejimlərindən sonra. Buna görə çoxlu mövqe və vaxt itirdik. Bu problemi araşdırmalıyıq”.
Alonsonun bu sözlərini şərh edən Orihara deyib: “Hazırkı reqlamentdə bu tip traslərdə çətinliklərdən biri enerjinin idarə olunması ilə bağlıdır. Hər bir döngədə enerjinin rekuperasiyası imkanları fərqlidir.
Bundan başqa, güc qurğusunun işinin rəvanlığını təmin etmək və başqa maşının arxasınca gedərkən artırılmış güc rejimindən səmərəli istifadə etmək üçün düzgün sazlamaları tapmalı oluruq.
Mənim başa düşdüyümə görə, digər istehsalçılar da belə şəraitdə optimal iş rəvanlığına nail olmaq və artırılmış gücün effektivliyini qorumaq üçün çalışırlar”.





