Williams 50 illik yubileyinə hazırlaşır

Gələn il Williams komandası ilk yarışının (İspaniya’77) 50 illik yubileyini geniş şəkildə qeyd edəcək, azarkeşlər üçün çox sayda tədbir təşkil olunacaq.

Hələ aprel ayında elan olunmuşdu ki, 2027-ci ilin maşını növbəti ardıcıl indeks olan FW49 deyil, birbaşa FW50 adlanacaq.

11-28 fevral 2027-ci il tarixlərində Londonda W50 Live sərgisi keçiriləcək, burada çoxlu yaddaqalan eksponat və bir neçə tarixi maşın nümayiş olunacaq:

FW06 – Williams Grand Prix Engineering-in ilk maşını;

FW11B – Nelson Pikenin 1987-ci ildə çempion olduğu maşın;

FW14B – 1992-ci il mövsümündə dominantlıq etmiş və Naycel Mənsellə titul qazandırmış əfsanəvi maşın;

FW19 – Jak Vilnövün 1997-ci ildə çempion olduğu maşın;

FW25 – Xuan Pablo Montoyanın 17 il qüvvədə qalmış 2003-cü ildə orta sürət rekordunu müəyyənləşdirdiyi maşın;

FW38 – Valtteri Bottasın Bakıda Formula1-də maksimal sürət rekordunu (378 km/saat) müəyyənləşdirdiyi maşın.

Bundan əlavə, W50 Live-da FW50-nin rəng çaları da göstəriləcək.

Azarkeşlər komandanın saytında və rəsmi tətbiqdə FW50-nin təqdimatına VIP-keçid və W50 Live-a pulsuz biletlər qazanmaq, eləcə də Silverstounda ev yarışı üçün Williams-ın rəng çalarını seçmək və çoxsaylı müsabiqələrdə iştirak etmək imkanı əldə edəcəklər.

Fevralın 18-də Williams İtaliyaya yollanacaq və azarkeşlər üçün nəzərdə tutulmuş üçgünlük “Formula 1 Live in Milan” tədbirində iştirak edəcək, burada 2027-ci il maşınlarının, o cümlədən yeni FW50-nin birgə təqdimatı baş tutacaq.

Aleks Əlbon: “Williams böyük tarixə malik komandadır, yarım əsr boyunca milyonlarla azarkeşə unudulmaz xatirələr bəxş edib. 50 illik yubileyində bu komandanı təmsil etmək mənim üçün şərəfdir. Bu komandada Frənk Uilyamsın ruhu yaşayır, o bizi hələ də irəli aparır”.

Karlos Sayns: “Williams xüsusi komandadır, onun bir hissəsi olduğum üçün qürur duyuram. Burada həqiqətən ailə ab-havası və idmanın digər növlərində nadir rast gəlinən öz dəyərlər sistemi var.

50 illik yubiley bu komandanın nailiyyətlərini xatırlamaq və qeyd etmək üçün əla fürsətdir, eyni zamanda onun irsindən məqsədimizin nəyə yönəldiyini xatırladan bir amil kimi istifadə etmək imkanıdır – həm nəticələr, həm də innovasiyalar baxımından bu idmanın önündə olmaq.

Biz Williams komandasının keçmişdə nəyə qadir olduğunu bilirik və indi onu yenidən qalibə çevirmək növbəsi bizdədir. Bu, əzmkarlıq tələb edən asan olmayan məqsəddir və inanıram ki, 50 illik yubileyimizdə ona çatmaq yolunda daha bir addım atacağıq”.

Ceyms Vaulz: “Təsəvvür edin, Frənk Uilyams bu komandanı, demək olar ki, sıfırdan, yarışmaq və ən güclülərə qalib gəlmək əzmi ilə yaradandan bəri Formula1-də yüzdən çox komanda yaranıb və yox olub.

Müstəqillik, ehtiras və qələbəyə yorulmaz canatma, mövcudluğumuzun 50-ci ilinə qədəm qoymağımıza baxmayaraq, hələ də qanımızdadır. Bayram tədbirlərimiz yeni nəsil azarkeşlərə Williams-ın irsini formalaşdırmış qəhrəmanlar və hekayələrlə yenidən tanış olmağa imkan verəcək və bizə yeni zirvələrə çatmağa kömək edəcək”.

Stefano Domenikali, Formula 1-in prezidenti və baş icraçı direktoru: “Formula1-də Williams-ın 50 illiyini qeyd etməyimiz inanılmazdır. Ser Frənk məqsədyönlülük, dözümlülük və uğura güzəştsiz canatma üzərində qurulmuş idmanımızın ən görkəmli komandalarından birini yaradıb.

Bu dəyərlər komandanı bu gün də ruhlandırır, o isə öz heyrətamiz tarixinin növbəti fəslini yazır. Williams təkcə tariximizin vacib hissəsi deyil, həm də nailiyyətləri, xatirələri və idmanımızda həmişə xüsusi yer tutacaq anları ilə Formula1-in ayrılmaz tərkib hissəsidir”.