Red Bull Racing komandası Loran Mekislə müqaviləni uzadıb

Çərşənbə günü Milton Kinsdə yerləşən Red Bull Racing bazasında keçirilən iclasda komandanın səhmdarı Mark Mateşiç Loran Mekislə müqavilənin vaxtından əvvəl uzadıldığını açıqlayıb.

Fransalı mütəxəssis 2031-ci ilin sonuna qədər Red Bull Racing-də icraçı direktor və komanda rəhbəri vəzifələrini davam etdirəcək. Komandanın bəyanatında bildirilib ki, “bu razılaşma yaxınlarda Maks Ferstappen və İshaq Həcərlə müqavilələrin uzadılmasının, həmçinin 2027-ci il mövsümü üçün əsas mütəxəssislərin komandaya cəlb olunmasının ardınca imzalanıb və bu da komandanın uzunmüddətli uğurlar qazanması üçün təməlini daha da möhkəmləndirib”.

Loran Mekis: “Red Bull Racing-lə bu yolu davam etdirmək imkanı qazandığım üçün son dərəcə qürurluyam və mənə göstərilən etimada görə Çalermə, Marka və Oliverə, bütün komandaya və layihədə iştirak edən hər kəsə təşəkkür etmək istəyirəm.

Komandamızın özəlliyi ondadır ki, məqsədə çatmaq üçün necə güclü şəkildə birləşirik və bu istedadlı, işinə sadiq insanlarla hər gün çiyin-çiyinə çalışmaq mənim üçün böyük şərəfdir.

Gələcəyimizin formalaşmasında mühüm rol oynayan Pyer Vaşenin və Ben Hocinsonun komandaları ilə birlikdə qarşıdakı illər üçün möhkəm təməl qurmuşuq və səmimi şəkildə inanırıq ki, bu, yalnız başlanğıcdır. Gələcəyə gedən yolda bizi müəyyən edən prinsiplərə sadiq qalacağıq: düşüncə azadlığına, operativ hərəkətə və cəsarətli qərarlara”.

Red Bull-un səhmdarları Çalerm Yuvidya və Mark Mateşiç: “Red Bull-un gücü hər zaman insanlarda və istedadlı mütəxəssislərin birlikdə görkəmli nəticələr əldə etməsi üçün şərait yaratmaq bacarığında olub. Loran dəyişikliklərlə zəngin mürəkkəb dövrdə komandaya rəhbərlikdə mühüm rol oynayıb, eyni zamanda işimizin təməlində dayanan Red Bull-un döyüş ruhunu və prinsiplərini qoruyub saxlaya bilmişik.

Müqavilənin uzadılması Lorana və onun rəhbərliyinə olan etimadımızı, eləcə də komandanın uzunmüddətli planlarına dair ortaq inamımızı təsdiqləyib. Biz gələcəyə böyük ambisiyalarla baxırıq və əldə olunmuş uğuru birlikdə inkişaf etdirmək niyyətindəyik”.

Oliver Mintslaff, Red Bull-un korporativ layihələr və investisiyalar üzrə icraçı direktoru: “Red Bull ailəsinə qayıtdığı andan etibarən Loran görkəmli liderlik keyfiyyətləri nümayiş etdirib. O, texniki səriştəni, strateji düşüncəni və komandamızın uğurunu nəyin təmin etdiyini dərindən başa düşməyi özündə birləşdirir.

Ən az bunun qədər vacib olan odur ki, o, Red Bull fəlsəfəsini müəyyən edən dəyərləri və düşüncə tərzini təcəssüm etdirir: cəsarəti, komanda ruhunu, məqsədyönlülüyü və ən yüksək səviyyədə rəqabət aparmaq üçün ramolunmaz istəyi. Rəhbərlikdə varislik sabit uğurun əsas amillərindən biridir və biz sevinirik ki, Loran yolumuzun növbəti mərhələsində də komandaya rəhbərlik edəcək”.

,