Racing Bulls Vaulzun təklifinə dəstək verməyəcək

Biz yazmışdıq ki, Williams-ın rəhbəri Ceyms Vaulz maliyyə reqlamentinə dəyişiklik etməyi təklif edib ki, büdcə məhdudiyyətinin həcmi hamı üçün eyni olmasın və ilk dördlüyə daxil olmayan komandalara daha çox xərc çəkməyə icazə verilsin. Onun fikrincə, bu, onlara inkişafa sərmayə yatırmağa, lazım olan mütəxəssisləri cəlb etməyə imkan verəcək ki, nəticədə liderlərlə aradakı fərqi azaltsınlar.

Vaulz ümid edib ki, bu düzəlişlər elə indi qəbul olunacaq və 2027-ci il maliyyə reqlamentinin mətninə salınacaq ki, investisiyalar işə yarasın və komandalar 2030 və ya 2031-ci ildə reqlament dəyişikliklərinə hazırlaşa bilsinlər. Bu məqsədə çatmaq üçün ona on bir komandadan altısının dəstəyi lazım olub və hələlik bu çoxluq yoxdur.

Williams-ın səsi ilə birlikdə Vaulza daha beş səs lazım olub. Qeyri-rəsmi məlumata görə, Alpine, Aston Martin, Audi və Cadillac Vaulzun təklifini dəstəkləyib, McLaren, Mercedes, Ferrari və Red Bull isə yox.

Hələlik susan Haas və Racing Bulls-un səsləri hər şeyi həll edəcək, baxmayaraq ki, Haas adətən Ferrari kimi, Racing Bulls isə Red Bull kimi səs verir. Bununla belə, Vaulz noyabrda Formula1 Komissiyasının iclasında səsvermədən əvvəl Racing Bulls-u fikrindən daşındıracağına ümid edib.

Ceyms Vaulz: “İki yanaşma var. Bu düzəlişi gələn il reqlamentə daxil etmək olar, ya da bir il sonra, o zaman bunun üçün cəmi dörd səs tələb olunacaq. Amma investisiyaların işləməsi üçün istənilən halda vaxt lazımdır.

Məncə, bunu gələn il tətbiq etmək lazımdır ki, komandalar bu imkanı əldə etsinlər və artıq ondan necə istifadə edəcəklərini başa düşsünlər. Əgər Red Bull bu məsələyə ağılla yanaşsa, bu məsələni elə indi həll etmək olar. Onların törəmə komandaya investisiya yatırmaq imkanı var. Onun dəyəri artır. Niyə daha çox əlçatan resurs verməklə komandanı daha rəqabətqabiliyyətli etməyəsən?”

Racing Bulls komandasının rəhbəri Alan Permeyn Vaulzun nikbinliyini bölüşməyib, onun mövqeyi kifayət qədər aydın olub – işləyən sistemi niyə pozasan ki…

Alan Permeyn: “Düşünmürəm ki, xərclərin məhdudlaşdırılması qaydalarında daha çox pul xərcləməyə imkan verən dəyişiklikləri dəstəkləyək. Sadəcə ona görə ki, hazırda qüvvədə olan sistem əla işləyir. Artıq xatırlamıram ki, biz ondan neçə ildir istifadə edirik. Məncə, o, Formula 1-ə çox yaxşı xidmət edib.

Bəzi korrektələr tamamilə mümkündür, amma əgər siz əsaslı kapital qoyuluşlarına böyük vəsait xərcləmək istəyirsinizsə, bunu edə bilərsiniz. Bunun üçün mexanizm artıq var. Əgər Ceyms nəyəsə 100 milyon xərcləmək istəsə, bunu edə bilər. Sadəcə sonra bir neçə il cərimə ödəməli olacaq. Yəni mexanizm artıq mövcuddur”.

, ,