Gözlənilir ki, Silverstounda Ədrian Nyuinin rəhbərliyi altında mühəndislər və konstruktorlar tərəfindən işlənən texniki yeniliklər paketinin ilk hissəsini Aston Martin mövsümün Macarıstan mərhələsində, ikinci hissəsini isə yay fasiləsindən sonra Zandfortda təqdim edəcək. Bundan əlavə, məhz Niderland Qran Prisinə qədər Honda mühərrik komandası güc qurğusunun təkmilləşdirilmiş versiyasını hazırlamağa söz verib.
Ümumilikdə, bütün ümidlər AMR26-nın radikal şəkildə modernləşdirilmiş versiyasına bağlıdır. Lakin onun hazırlanması prosesi başqa növ çətinliklərlə – maliyyə xarakterli problemlərlə bağlıdır. Aston Martin-in yarış direktoru Mayk Krək komandanın artıq FİA ilə büdcə reqlamenti üzrə danışıqlara başladığını bildirib.
Olanları izah etmək üçün Krək olduqca sadə və aydın nümunə gətirib: “Siz supermarketə gedirsiniz və cibinizdə yalnız 100 avro var. Siz yalnız bu pulu xərcləyə bilərsiniz, daha çox yox.
Bizim vəziyyətimizdə həmişə qəza ola biləcəyini nəzərə almalıyıq, buna görə də bu şərti yüz avronun müəyyən hissəsini ehtiyat üçün ayırmalı və onu çox ağıllı şəkildə xərcləməliyik. Texnikanın modernləşdirilməsinə sərf edilən xərclərlə yarışlarda iştirakla bağlı daimi xərclər arasında davamlı olaraq optimal tarazlıq axtarılmalıdır”.
Onun sözlərinə görə, hazırda əsas prioritet komandanın bazasında bütün istehsal proseslərini optimallaşdırmaq, yeni aerodinamik elementlərin hazırlanmasına çəkilən xərcləri azaltmaq və hər bir qəpiyi mümkün qədər rasional xərcləməkdir.
“Düşünürəm ki, artıq təsdiqlənib ki, böyük texniki yeniliklər paketi Macarıstanda təqdim ediləcək, – deyə Mayk Krək davam edib. – Niderland Qran Prisinə qədər mühərrik də modernləşdiriləcək. Gələcək perspektivlərlə bağlı isə hələlik aydınlaşdırılmalı məqamlar var.
Büdcə limitinə dair danışıqlara artıq başlanılıb və onların nəticəsindən asılı olaraq növbəti mərhələdə nə edəcəyimizi müəyyənləşdirəcəyik. Ancaq əminəm ki, bu yeniləmə paketinin sonu olmayacaq. Hər halda qaydalar mövcuddur və biz onları qəbul etməli, sonra isə həmin qaydalar çərçivəsində maksimum nəticə göstərməyə çalışmalıyıq”.
Krəkin dediklərindən çıxarılan əsas nəticə odur ki, Aston Martin-in səhv etməyə haqqı yoxdur – onların limitləri artıq ciddi şəkildə istifadə olunub və yaxın gələcəkdə mövcud bütün büdcə tam şəkildə xərclənəcək.





