Mekis: Həcərin liderlər qrupunda mübarizə aparmaq potensialı olub

Sinqapurda İshaq Həcəri daim texniki problemlər izləyib. Sprintdə fransalı sürücü güc itkisinə görə mübarizəni dayandırıb, sıralanma turunun ilk sessiyasında isə onun maşınında ötürmələr qutusu sıradan çıxıb və nəticə göstərə bilməyib. İshaq yarışa pit-leyndən başlayıb və finişdə onuncu yerə qədər yüksələ bilib.

Yarışdan sonra Red Bull Racing komandasının rəhbəri Loran Mekis etiraf edib ki, komanda sürücüsünə yüksək mövqelər uğrunda mübarizə aparmaq üçün lazımi şəraiti yarada bilməyib.

Loran Mekis: “Həftəsonu ərzində bir neçə texniki problemlə üzləşdik – güc qurğusu, ötürmələr qutusu və digər sistemlərlə bağlı. Ümumilikdə hər şey bizim üçün çox çətin alınıb.

Belə vəziyyətdə hər iki maşının – həm İshaqın, həm də Maksın mexanikləri demək olar ki, fasiləsiz işləməli olublar. Maksın briqadası İshaqın mexaniklərinə fəal kömək edib və həftəsonu boyu uşaqlar iri komponentləri dəyişməli, nasazlıqları aradan qaldırmalı olublar. İş yarışdan əvvəl “qapalı park” rejiminin başlanmasına qədər davam edib. Bütün bunlar isə üçlüyün son mərhələsində, güclü istidə və yüksək rütubət şəraitində baş verib.

Mən görülən işə görə mexaniklərə ayrıca təşəkkür etmək istəyirəm. Xatırlamıram ki, nə vaxtsa komandanın bu qədər problemlə mübarizə apardığını və sonda bazar gününə tam saz maşın hazırladığını görmüş olum.

Təəssüf ki, bütün bunlara görə biz İshaqın sürətini tam şəkildə dəyərləndirə bilmədik. Hətta qət edə bildiyi azsaylı dövrələrdə belə, o, çox yaxşı temp göstərib. Düşünürəm ki, bu, bir daha təsdiqləyir: əgər həftəsonu problemsiz keçsəydi, o, rahatlıqla liderlər qrupunda mübarizə apara bilərdi. Bu bizim məsuliyyətimizdir, amma İshaq özündə sürət olduğunu göstərməyə imkan tapıb”.

,