Kristian Horner: “Avstriyadakı Red Bull-un baş ofisində hələ də bizim öz gücümüzlə rəqabətədavamlı mühərrik hazırlaya biləcəyimizə şübhə ilə yanaşırdılar. Elə bu vaxt gözlənilmədən Porsche ilə əməkdaşlıq imkanı yarandı.
Həmin vaxta qədər Ditrix Mateşiç artıq ən yaxşı durumda deyildi, amma o, Porsche brendinin üstünlüklərini görürdü, çünki bu, həqiqətən də çox böyük addır. Red Bull-Porsche layihəsi çox sanballı görünürdü. Onlar mühərrik istehsal edirlər, biz isə etmirik, buna görə də bu imkanı araşdırmaq qərara alındı.
Mən Vayssaxa getdim, onların infrastrukturuna baxdım və anladım ki, hazırlıq baxımından biz onları xeyli qabaqlayırıq. Aydın oldu ki, iki şirkət birləşəcəyi təqdirdə çox sayda kompromisə getmək lazım gələcək və [Red Bull Powertrains-ə sahibliklə bağlı] 50/50 şərtləri əsasında bərabərhüquqlu əməkdaşlıq əlavə çətinliklər yarada bilərdi.
Nəticədə, razılığa gəlmək mümkün olmadı. Amma bizə tərəfdaş lazım idi, çünki öz mühərrikimizin yaradılması proqramı nəhəng resurslar tələb edirdi. Porsche ilə sövdələşmədən imtina edərkən çox yaxşı başa düşürdüm ki, bu layihə ilə bağlı bütün məsuliyyət Red Bull-un üzərində qalır.
Həmin dövrdə Red Bull bizə mühərrik verməyə davam etməsi üçün Honda-ya təkcə pul ödəmirdi, eyni zamanda, 2026-cı il üçün öz güc qurğusunun hazırlanmasına da vəsait yatırırdı. Bundan başqa, bizim Formula1-də iki komandamız var idi.
Həmin vaxt Ford çempionata qayıtmaq imkanını nəzərdən keçirirdi. Mən Detroyta yollandım və orada Bill Ford və Cim Farli ilə görüşdüm. Dərhal məlum oldu ki, onlar bu layihəyə çox böyük maraq göstərirlər.
Bill Ford komanda ilə onun tarixinin daha erkən mərhələsində artıq iş təcrübəsi olan şəxs kimi, mənə dedi: “Bu işlə özünüz məşğul olmağınıza imkan verəcəyik. Mütəxəssislər sizsiniz. Keçmişdən dərs çıxarmışıq və lazım olandan artıq işlərə qarışmaq istəmirik. Deyin, sizə necə kömək edə bilərik? Sizə necə dəstək verə bilərik?” Beləcə, 2023-cü il mövsümündən əvvəl əməkdaşlığa başladıq”





