Onun sözlərinə görə, bu istiqamətdə onu motivasiya edən iki dramatik hadisə var. Söhbət 2017-ci ildə Britaniya Formula 4 yarışında baş vermiş Billi Mongerin qəzasından və iki il sonra Spada yaşanan, fransalı Formula2 sürücüsü Antuan Huberin həyatına son qoyan faciəvi insidentdən gedir.
Billi Monger sağ qaldı, lakin hər iki ayağını itirdi. Buna baxmayaraq, o, avtoidmana qayıtdı və hətta televiziya şərhçisi peşəsinə də yiyələndi – bu həftəsonu Londonda keçirilən Formula E finalını işıqlandıran heyətdə çalışır.
Rassell əmindir ki, avtoidmanda təhlükəsizlik standartlarını yüksəltmək üçün hələ çox iş görmək mümkündür və kimlərinsə onun siyasətlə məşğul olmağa çalışdığını düşünməsinə əhəmiyyət vermir.
“Bəli, bu maraqlı baxış bucağıdır və bunu eşitmək kifayət qədər gülməlidir, – o, RacingNews365-ə müsahibəsində bildirib. – Məncə, Formula1 daim inkişaf edir və bütün sürücülər səmimi şəkildə idmanımızı daha yaxşı etmək istəyirlər. Xüsusən də mövsüm bu il olduğu kimi, çoxsaylı dəyişikliklərlə keçəndə, inkişafın düzgün istiqamətdə davam etməsi üçün necə hərəkət etməli olduğumuzu anlamaq lazımdır.
Sonda bütün fikirləri toplayıb düzgün insanlara çatdıracaq biri olmalıdır. Bilirsiniz, mənim üçün bu, böyük ölçüdə həmin iki hadisə ilə bağlıdır. Mən Billi Monger və Antuan Huberin qəzalarının şahidi olmuşam, bunları görmək dəhşətli idi. Sürücü olduğum üçün mənim özünəməxsus baxışım var: qaydaları yazanların, konstruktorların və mühəndislərin görmədiyi məqamları mən görürəm. Sadəcə ona görə ki, maşınları məhz sürücülər idarə edirlər.
Və elə sahələr var ki, onlara diqqət yetirilməsi həyatların xilas olunmasına, idmanımızın bir qədər daha təhlükəsiz olmasına və ya lazımsız riskdən qaçmağa kömək edə bilər. Formula1 həmişə təhlükəli idman növü olaraq qalacaq və biz bunu heç vaxt tam aradan qaldırmağa çalışmamalıyıq, çünki risk də bu oyunun bir hissəsidir. Amma həddindən artıq riskin müəyyən qədər qarşısını almaq mümkündürsə, mən fikrimi bildirmək və bu dəyişikliklər prosesində iştirak etmək istəyirəm”.





