İmola F1-in bir addımlığındadır

Sonuncu dəfə 2006-cı ildə təqvimdə olan tras hadisələrin bugünlərdəki inkişafı nəticəsində Formula1-i qəbul etməyə daha da yaxınlaşıb.

F-1.az xatırladır ki, trasdan bu il yarış qəbul etmək istədiklərini bildirmişdilər və Formula1-in idman direktoru Ross Braun son çıxışında Avropada daha bir neçə qran prinin baş tuta biləcəyinə işarə etmişdi. İmola ilə bağlı olduqca vacib daha bir addım isə dünən atılıb. Trasın rəhbərliyi Formula1 yarışını keçirməyə imkan verən FİA Grade 1 lisenziyasını yeniləndiyini elan edib. İmola lisenziyanı 2017-ci ildə almışdı.

Uberto Selvatiko Estense, İmola trasının rəhbəri: “Bütün FİA standartlarına cavab verən lisenziyanı yeniləyərək çempionata ev sahibliyi etmə fürsətini qazanırıq. Ümid edirəm ki, avtodrom və Formula1 rəhbərliyinin birgə əməkdaşlığı sayəsində bu xəyal gerçəkləşəcək”.

Əgər İmola üçün yaşıl işıq yandırılarsa, oradakı yarışın İtaliya Qran Prisindən cəmi 1 həftə sonra – 13 sentyabrda baş tutacağını gözləmək olar.

Eyni zamanda, Formula1 maşınlarının əfsanəvi trasa qayıdışı 10 gün sonraya təsadüf edəcək – Speedweek nəşrinin məlumatına görə, iyunun 24-də AlphaTauri komandasının İmolada çəkiliş günü baş tutmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*