Herbert hesab edir ki, Nyuinin karyerası qüruba doğru gedir

Keçmiş Formula1 sürücüsü Conni Herbert hesab edir ki, Aston Martin mövsümünün ilk yarısındakı açıq-aşkar uğursuzluğu bir tərəfdən, həqiqətən, təəccübləndirir, digər tərəfdən isə, Ədrian Nyuinin şanlı karyerasının qürubunun əlaməti ola bilər, çünki istənilən uğur hekayəsi gec-tez başa çatır.

“Aston Martin-ə baxın: onların hər şeyi var – yeni baza, yeni aerodinamik boru və sair. Üstəlik, bu komandanın heyətində Fernando Alonso çıxış edir, – deyə Herbertin sözlərini İspaniyanın Marca qəzeti də sitat gətirib. – Belə olan halda niyə işlərin bu qədər uğursuz alındığını anlamaq çətindir, amma hansısa səbəbdən Ədrian yaxşı maşın yaratmağa qadir olan effektiv mühəndis briqadası qura bilməyib. Komanda yüksək nəticələr əldə etməyə çalışır, amma AMR26-nı heç yarıbayarı rəqabətədavamlı da saymaq olmaz.

Bəlkə də bu, Ədrian Nyuinin karyerasında eniş dövrünün başladığının əlamətidir və bundan sonra işləri aşağıya doğru gedəcək? İdmanda belə hallar həmişə olur, bundan hətta ən yaxşılar da sığortalanmayıb. Bu, qaçılmaz olaraq baş verəcək və hələ baş verməyibsə belə, sonda mütləq olacaq”.

Bununla belə, çempionatın Macarıstan mərhələsində Silverstoundan olan komanda şassinin ciddi şəkildə yenilənmiş versiyasını təqdim etdi və bu, dərhal nəticələrə təsir göstərdi – ən azı Fernando Alonso mövsümdə ilk dəfə sıralanma turunun ikinci hissəsinə yüksəldi. Niderland Qran Prisinə Aston Martin növbəti texniki yeniliklər paketini hazırlayır, Honda mühərrikçiləri isə təkmilləşdirilmiş güc qurğusu üzərində çalışıblar.

Bütün bunlar ümid verir, buna görə də Herbertin pessimizmini heç də hamı bölüşmür. Məsələn, Formula1-in digər sabiq sürücüsü Devid Kulthard tam fərqli mövqedən çıxış edir: “Məhz bu komanda qarşıdakı iki ildə ən böyük irəliləyişə nail olacaq. Mən proqnoz verməyə hazıram ki, iki il ərzində onlar yarışlarda qələbə qazanmağa başlayacaqlar”.

,