Ferrari-nin təkamülü (1950-2016-cı illər): 15-ci yazı – Ferrari 512 F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 53 gün qalır – 53 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 15-ci yazımızın qəhrəmanı Ferrari-nin yeni reqlamentə keçid versiyası olan 512 F1 modelidir…

Son yazımızda qeyd etdiyimiz kimi, komanda 1964-cü və 1965-ci illərdə motorun iki versiyasından – 8 və 12 silindrli motorlardan istifadə edirdi. 12 silindrli motor qoyulmuş maşın 1964-cü ilin sonunda debüt etmişdi və hansısa mənada 1966-cı ildə qüvvəyə minəcək yeni reqlament çərçivəsində istifadə olunacaq 3 litrlik motorun prototipi idi.

Maşının şassisi yenə də Karlo Kitinin hazırladığı şassi üzərində yığılmışdı, motorun həcmi bütün hallarda 1.5 litr olduğu üçün 6 silindrli motorla maşın 156 F1, 8 silindrli motorla 158 F1, 12 silindrli motorla isə 1512 F1 adını almışdı. Amma ənənəvi olaraq Ferrari-də indeks 3 rəqəmdən təşkil olunduğu üçün Skuderiyanın tarixində modelin adı sadəcə 512 F1 qaldı.

Mauro Forqyerinin hazırladığı 12 silindrli motorda silindrlər oppozit, yəni qarşı-qarşıya yerləşdirilmişdi – V şəkilli motorda silindrlərin açılış bucağı 180 dərəcə təşkil edirdi.

FERRARİ 512 F1

Ferrari 512 F1

1964-cü və 1965-ci illərdə Ferrari çempionatda iki maşınla çıxış edirdi – eyni şassidə həm 8 silindrli, həm də 12 silindrli motorlar quraşdırılmışdı. Şassi eyni olduğu üçün bu maşınları seçmək çox çətin idi, yalnız arxada motordan işlənmiş qazları çıxaran boruların sayına görə (8 və ya 12 boru) fərqlənirdilər.

Motoru daha yığcam etmək üçün Forqyeri generatoru, yanacaq nasosunu və yanacağın verilməsi sistemini motorun üzərinə qaldırmışdı. Bosch birbaşa püskürdücüsünün və hər silindrə 2 şamın tətbiq olunması motorun gücünü 225 at qüvvəsinə çatdırmışdı.

Nəzəri cəhətdən 512 F1 158 F1-dən daha rəqabətədavamlı olmalı idi, amma reallıqda hər şey əksinə idi: etibarlılıq və idarəolunma problemləri Con Sörtiz və Lorentso Bandiniyə yaxşı nəticə göstərməyə imkan vermirdi. Formula1-də isə Britaniya komandalarının dominantlığı davam edirdi, xüsusən də Lotus və Cim Klark Skuderiya üçün əlçatmaz idilər.

FERRARİ 512 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 512 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1964-cü il 2 2 0 0 1 3
1965-ci il 10 13 0 0 2 2
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*