DAS sistemi gələn il qadağan olunacaq?

Mercedes tərəfindən hazırlanan DAS sükan sistemi iki gündür paddokda ən çox müzakirələrə səbəb olub.

F-1.az xatırladır ki, bu gün səhər Lyuisin başı üzərində qurulmuş kameradan yayım zamanı aydın görünüb ki, sürücü düzlüyə çıxdıqda sükan çarxını özünə tərəf çəkib və bu da ön təkərlərin bucaqlarının dəyişməsinə səbəb olub. Döngəyə girməzdən əvvəl sükan çarxı əvvəlki vəziyyətinə qayıdıb.

Paddokda hamı əvvəlcə sistemin qanunazidd olmasına əminlik ifadə etsə də, Mercedes-in texniki direktoru Ceyms Əllisonun “FİA-nın hər şeydən xəbəri var, çünki onlarla məsləhətləşmişik” deməsindən sonra paddok iki cəbhəyə bölünüb – sistemi leqal və illeqal görənlər.

Roman Qrojan və Sebastyan Fettel sistemin leqal olmasını səsləndirsələr, Helmut Marko isə DAS-ın qaydalara uyğun olmadığına inandığını söyləyib, amma FİA-nın Mercedes-in yeniliyi ilə bağlı rəsmi izahatı hələ də yoxdur.

Bütün bunlara baxmayaraq, çox güman ki, 2021-ci ildə DAS qadağan ediləcək. Bir neçə il əvvəl reqlamentə belə bir bənd əlavə olunmuşdu ki, əgər Formula1 Komissiyası hər hansı bir yeniliyi idman üçün əhəmiyyətsiz hesab edərsə və ya onun tətbiqi əlavə xərclərlə əlaqədardısa, onda bir il istifadədən sonra həmin yenilik qadağan oluna bilər

Elə həmin bəndə uyğun olaraq, yeniliyi hazırlayan komandadan işin texnologiyası və xüsusiyyətləri barədə bütün məlumatları açıqlamaq tələb olunur, amma mövsüm başa çatdıqdan sonra. Beləliklə, yalnız Əbu Dabi yarışından sonra komandalar Mercedes-in nə etdiyini dəqiq biləcəklər.

Əgər Formula1 Komissiyası DAS-a qarşı heç bir tədbir görməməyi qərara alsa belə, 2021-ci ilin reqlamentinin 10.5.2-ci bəndi ilə belə bir idarəetmə sistemi qadağan olunacaq. Bəndin mahiyyəti ondan ibarətdir ki, maşının korpusunun içində və bir-birindən konkret məsafədə yerləşən asılqan elementlərinin köməyilə sazlanan və idarə olunan təkərlərin vəziyyətinin dəyişməsi yalnız sükan çarxının fırlanması hesabına həyata keçirilməlidir.

Başqa sözlə, sürücü sükan çarxını yalnız müstəvidə fırlada bilər, lakin irəli və ya arxaya hərəkət etdirə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*