Kimi Antonelli: Titul arzumun gerçəkləşməsi olacaq

Kimi Antonelli müəyyən şəraitdə artıq Ostində 2026-cı ilin dünya çempionu titulunu özünə rəsmiləşdirə bilər. Cümə axşamı FİA-nın mətbuat konfransında Mercedes yarışın hələ başa çatmadığını vurğulayıb, bu ehtimal barədə düşünməməyə çalışdığını və bütün diqqətini işinə yönəltdiyini deyib.

Kimi Antonelli: “Düşünəndə adam inana bilmir ki, artıq bu həftəsonu titulu özümə təmin edə bilərəm. Elə buna görə də bu barədə düşünməməyə çalışıram. Çempion olmaq üçün həftəsonunu ideal keçirməliyəm, rəqiblərim isə çox zəif nəticə göstərməlidirlər, amma bunun baş verməsi çətin görünür. Əlbəttə, yarışlarda hər şey mümkündür, amma bunun özü belə inanılmaz səslənir.

Bu gün səhər Bono ilə [Peter Bonninqton, Kimi Antonellinin yarış mühəndisi] danışmışıq və qərara gəlmişik ki, sadəcə zövq almaq və mövsümboyu izlədiyimiz yanaşmaya sadiq qalmaq lazımdır – yarışdan yarışa irəliləmək və hər həftəsonu əlimizdən gələnin ən yaxşısını etməyə çalışmaq. Mən işimi yaxşı görsəm, nəticə gələcək.

Titul arzumun gerçəkləşməsi olacaq. Mən bunu uşaqlıqdan arzulamışam. Artıq belə bir vəziyyətdə olmağımın özü inanılmazdır. Amma indi işləməyə davam etmək, son həddə qədər mübarizə aparmaq lazımdır, çünki mübarizə hələ bitməyib.

Əvvəlcə işi sona çatdırmaq lazımdır, yalnız bundan sonra bayram etmək olar. Sözsüz, titul çox böyük nailiyyət olacaq, amma əvvəlcə ona çatmaq lazımdır.

Əlbəttə, aşağı seriyalarda titul uğrunda mübarizə təcrübəm mənə kömək edir. Amma Formula1-də hər şey fərqlidir, çünki burada təzyiq istənilən başqa kateqoriyadan qat-qat güclüdür. Rəqabət də daha yüksəkdir, çünki mən dünyanın ən yaxşıları sırasında olan daha 21 sürücü ilə mübarizə aparıram. Bu baxımdan hər şey xeyli çətindir.

Amma kartinqdə və aşağı seriyalarda titullar uğrunda mübarizə təcrübəsi, əlbəttə ki, kömək edir. Titul uğrunda mübarizə aparanda yarışlara yanaşma və köklənmə bir çox cəhətdən eyni qalır. Daha əvvəl kartinqdə və aşağı seriyalarda titullar uğrunda mübarizə aparmağım belə vəziyyətlərə hazırlaşmağa kömək edir.

Əlbəttə, Formula1-də hər şey daha böyük miqyasdadır və bunun öhdəsindən gəlmək müəyyən mənada daha çətindir, amma lazım olan baza hələ kartinqdə formalaşır.

Xatırlayıram ki, Formula1-də debüt mövsümündə hadisələri tezləşdirməyə tez-tez çalışırdım – istədiyim nəticəni almağa, maşını dövrəni daha sürətli keçməyə məcbur etməyə çalışırdım. Bu il yanaşmamı bir qədər dəyişmişəm və indi əsas məsələyə fokuslanmağa, təkcə pilotajdan yox, ümumən prosesin özündən, komanda ilə birgə işdən, necə inkişaf etdiyimizdən, reqlamenti daha yaxşı anlamağımızdan və bir-birimizə necə kömək etməyimizdən mümkün qədər çox zövq almağa çalışıram.

Komandaya maşını təkmilləşdirmək üçün əlavə imkanlar tapmaqda kömək etməyə çalışıram. Eyni zamanda, mühəndislərin də maşından məhz nə istədiyimi daha yaxşı anlaması vacibdir ki, mən sürətlənə bilim. Bütün bunlar birlikdə daha böyük uğur qazanmağa kömək edir.

Psixoloji baxımdan bu il özümü keçən mövsümlə müqayisədə xeyli yaxşı hiss edirəm. Daha bir vacib məqam da var – eyni insan qrupu ilə ikinci ili keçirəndə hər şey nəzərəçarpacaq dərəcədə dəyişir. Siz bir-birinizi daha yaxşı tanıyırsınız və hər kəsin nəyə ehtiyacı olduğunu daha yaxşı anlayırsınız. Problemləri birlikdə aşmaq və vahid komanda kimi irəliləmək daha asan olur”.