Həmilton: Afrika öz Qran Prisinə layiqdir

Ostində Lyuis Həmilton Formula1 təqviminə Afrika Qran Prisinin qayıdışından və istefaya getmək niyyətində olmadığından danışıb…

Lyuis Həmilton: “Mən uzun illərdir Afrikada yarışın keçirilməsinin tərəfdarıyam. Bu məsələ ilə bağlı maraqlı tərəflərlə, Stefano Domenikali ilə onun London ofisində və yarış həftəsonları ərzində dəfələrlə görüşmüşəm, saysız-hesabsız zənglər olub: “İşlər necə gedir? Hara doğru irəliləyirik? Kimlə görüşürsən?” Afrika ölkələrinin prezidentləri ilə çoxlu görüşlər və telefon danışıqları aparmışam. Hesab edirəm ki, Afrika öz Qran Prisinə layiqdir.

Söhbət təkcə bir ölkədən getmir. Söhbət çoxlu gözəl ölkəsi olan bir qitədən gedir. Orada gözəl insanlar və zəngin mədəniyyət var və hesab edirəm ki, idmanımızın köməyi ilə bunu bütün dünyaya göstərməyimiz vacibdir. Biz bu ölkələrə gedə bilərik və insanlar onlardan bəziləri haqqında, əvvəllər demək olar ki, heç nə bilmədikləri ölkələr barədə məlumatlanarlar. Buna görə də mən bu Qran Priyə çox, lap çox ümid edirəm.

Mən İngiltərədə böyümüşəm və bizə heç vaxt Afrika barədə heç nə danışmayıblar. Bu, məktəb proqramına daxil edilməlidir. Onların orada üzləşdikləri problemlərin çoxu indiyədək kolonializmin və Qərbin müdaxiləsinin nəticəsidir. Amma ora gedib insanlarla ünsiyyət quranda görmək olur ki, bu gün aparıcı brendlərin bir çox dizayn həlli məhz Afrikada yaradılır. Bu qitə ən zəngin təbii resurslara malikdir. Mən səmimi qəlbdən ümid edirəm və hələ də ümidimi itirməmişəm ki, Afrika birləşəcək.

Qran Prinin keçirilməsi əsla o demək deyil ki, biz orada baş verənlərə göz yumuruq. Əksinə, ümid edirəm ki, bu, müzakirələrə səbəb olacaq.

Yəqin ki, mən Formula1-də bir qədər də qalacağam, çünki bizi Afrikada yarış gözləyir, mən isə bir gün orada çıxış etməyi arzulamışam. Formada qalmaq üçün mübarizəni davam etdirəcəyəm. Əgər gələn il ərzində yaxşı nəticələr göstərə bilsəm, eyni ruhda davam edəcəyik”.

,