“Mənim bu barədə xüsusi deyəcək bir şeyim yoxdur, – deyə Esteban Okon Kamara ilə müqavilə imzalanması barədə suala cavab verib. – Amma qeyd edə bilərəm ki, Rafael Formula1-də şansa layiqdir. Aşağı seriyalarda o, çox sürətli yarışçı olduğunu göstərib.
Amma mən də Formula1-də yersiz qalmağa layiq deyiləm. Hələlik deyiləcək söz budur. Mən buraya işimi mümkün qədər yaxşı görmək və maşından maksimum nəticə çıxarmaq üçün gəlmişəm.
Daha əvvəl də dediyim kimi, mən Formula1-də qalmağa layiqəm. Gələn il burada olmamağımın bir çox səbəbi var, amma məsələ mənim nəticələrimdə deyil. Mən çıxış etdiyim bütün kateqoriyalarda qələbələr qazanmışam.
Mən kartinqdə, Formula Renault-da, Formula3-də, GP3-də və Formula1-də yarışlar qazanmışam. Vəziyyətə yalnız idman baxımından qiymət versək, mən çempionatda qalmağa layiqəm. Və düşünmürəm ki, bu mövsüm mənim Formula1-də sonuncu mövsümüm olacaq”.
Esteban Okon əlavə edib ki, onunla müqavilənin uzadılmayacağı məlum olanda, sürücü həmkarlarından, demək olar ki, heç kim ona dəstək verməyib.
“Əlbəttə, trasdan kənarda bəzi sürücülərlə ünsiyyət saxlayıram, – deyə Okon davam edib. – Məsələn, Ləns Stroll mənimlə danışmağa yaxınlaşdı, amma başqalarından heç bir mesaj almamışam.
Mənə heç kim yazmayıb, baxmayaraq ki, bəziləri mətbuatda açıq şəkildə mənə dəstək ifadə edib. Amma qorxulu heç nə yoxdur, çünki bu, hələ son deyil. Mən başqa sürücülərdən və ya kimdənsə dəstək gözləmirəm, çünki buna ehtiyacım yoxdur. Müəyyən mənada hamımız üçün çətindir.
Hamımız eyni vəziyyətdəyik. Əgər ardıcıl üç yarışda uğursuz çıxış edirsənsə, dərhal ən pisə çevrilirsən. Əgər üç yaxşı yarış keçirirsənsə, dərhal ən yaxşı olursan. İdmanımızın çətinliyi də elə bundadır”.





