Mercedes: Sükan qaydalara tam uyğundur

Mercedes komandası bu gün Barselonada ikinci test günündə hamını təəccübləndirən sükan sisteminin qanuniliyinə şübhə etmir.

F-1.az xatırladır ki, bu gün səhər Lyuisin başı üzərində qurulmuş kameradan yayım zamanı aydın görünüb ki, sürücü düzlüyə çıxdıqda sükan çarxını özünə tərəf çəkib və bu da ön təkərlərin bucaqlarının dəyişməsinə səbəb olub. Döngəyə girməzdən əvvəl sükan çarxı əvvəlki vəziyyətinə qayıdıb.

Paddokda hamı bu cür sistemlərin texniki reqlamentə uyğun gəlməməsi ilə bağlı fikirlər səsləndirib, amma nahar zamanı mətbuat konfransında Mercedes-in texniki direktoru Ceyms Əllison söyləyib ki, FİA-nın çempion komandanın qərarından xəbərdardır və Mercedes-in sistemin qanuniliyinə şübhə yoxdur.

Əllison daha sonra jurnalistlərə açıqlamasında əlavə edib ki, “əlbəttə, mən sistemin necə işləməsi barədə heç nə deməyəcəm, amma yenilik uzun müddət stenddə yoxlandıqdan sonra bu gün trasda debüt edib. Biz bunu DAS (Dual Axis Steering – ikioxlu sükan idarəetməsi) adlandırırıq. Bu sistem maşının idarə olunması prosesinə başqa bir əlavə ölçü təqdim edir və ümid edirik ki, mövsüm ərzində biz bu sistemdən tam yararlanacağıq.

Bizim yenilik FİA üçün gözlənilməz deyil, çünki uzun müddət onlarla bu yeniliyi müzakirə etmişik. Reqlament sükanda nələrə icazə verildiyini çox aydın şəkildə izah edir və biz əminik ki, DAS reqlamentin bütün tələblərinə cavab verir.

DAS-ın trasda debütünə çox şadam. Görünürdüyü kimi, yenilik işləyir və yaxın günlərdə onun bizə nə qazandıra biləcəyini qiymətləndirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*