Ceyms Əllison Mercedes-də bolidlərin yenilənmə strategiyasından danışıb

Mövsümün əvvəlində dominant çıxış edən Mercedes rəqibləri qədər sürətlə irəliləmir, amma narahatlıq üçün səbəb görmür. Komandanın texniki direktoru Ceyms Əllison Nu Silver Arrows Radio podkastında maşının yenilənməsi ilə bağlı seçilən yanaşmadan danışıb…

Ceyms Əllison: “Aerodinamika baxımından bu il aerodinamik boruda əldə olunan irəliləyişin tempi çox yüksəkdir – təxminən ötən illə müqayisədə 6-7 dəfə çoxdur. Bolid hər iki aydan bir təxminən yarım saniyə qazanır. Bu, son dərəcə ciddi irəliləyişdir. Mövsümün əvvəlində mümkün qədər rəqabətədavamlı bolid hazırlamaq, tapdığımız bütün həlləri onun üzərində tətbiq etmək üçün əlimizdən gələni etdik.

Şükürlər olsun ki, hər şey alındı. İnkişaf strategiyamızın əsas məqamı aerodinamika və şassini mümkün olan ən gec mərhələdə, adət etdiyimizdən bir neçə həftə sonra dondurmaqla bağlı daxili qərar idi. Nəticədə planımızda ümumiyyətlə heç bir vaxt ehtiyatı nəzərdə tutulmamışdı.

Bu planı həyata keçirərək, bütün imkanlardan maksimum yararlandıq və onları artıq ilk yarışa qədər bolidə tətbiq etdik, bütün ehtiyatlarımızı tamamilə tükətdik.

Ola bilsin ki, digər komandalar öz bolidlərinin konstruksiyalarını daha tez dondurublar, buna görə də ilk yenilikləri daha erkən hazırlayıb təqdim edə biliblər. Hazırda bizim inkişaf proqramımız digər komandaların yenilənmə dövrlərindən bir-iki yarış geri qalır.

Dövrə vaxtlarına əsasən, hamı təxminən eyni istiqamətdə irəliləyir. Hər kəs hər iki aydan bir təxminən yarım saniyə qazanır. Əgər inkişaf dövründə yarım addım geridəsinizsə, bu o deməkdir ki, ilin əvvəlində bizdə olan yarım saniyəlik üstünlük bir yenilənmə dövründə tamamilə yox ola bilər. Bu, xoş deyil, amma başa düşürsən ki, bizim yenilənməmiz də sadəcə zaman məsələsidir.

Strategiyamız sadədir: öndə qalmaq və səmərəliliyin növbəti artımının əvvəlki səviyyəni bərpa edəcəyinə – mövsümün əvvəlində qazandığımız üstünlüyün hamısını geri qaytaracağına zəmanət vermək”.