Scuderia Ferrari – Ferrari SF16-H

Bu gün, mövsümöncəsi testlərin başlanmasına 3 gün qalmış Ferrari komandası SF16-H (hibrid sözündən) adını almış yeni maşınını təqdim edib. Təqdimat mərasimi komandanın rəsmi saytında canlı efirdə baş tutub - Maranelloda qurulmuş səhnəyə komandanın rəhbər nümayəndələri və sürücüləri çıxaraq qarşıdakı mövsümə vəzifələrindən danışıblar, sonda isə azarkeşlərin suallarını cavablandırıblar.

F-1.az xəbər verir ki, bu dəfə komanda yeni maşının rəng çalarlarında dəyişiklik edib – motor qapağı ağ rəngə boyanıb, amma əsas dəyişikliklər korpusun altında gizlənib. Komanda əsas rəqibi olan Mercedes AMG komandası ilə geriqalmanı aradan qaldırmaq və bu il qələbə uğrunda mübarizə aparmaq üçün əlindən gələni edib. Keçən il komandada ciddi dəyişikliklər olmuşdu, bu dəfə isə əldə olunmuş stabilliyin vacibliyindən danışıblar. İlk olaraq səhnəyə komandanın başçısı Mauritsio Arrivabene çıxıb və yeni maşını təqdim edib…

Ferrari - SF16-H

Mauritsio Arrivabene: “Mən sizə yeni maşınımız təqdim etmək istəyirəm. Bu adi yarış maşınıdır? Mənə elə gəlir ki, bu cür demək kifayət etmir. Mən hesab edirəm ki, bu adi yarış maşını deyil – bu Ferrari-dir! Və biz ümid edirik ki, bu maşın bizə qələbələr uğrunda mübarizə aparmağa imkan verəcək.

SF16-H – bir çox insanların məqsədyönlü işinin nəticəsidir. Hazırda biz Ferrari-nin logistika ilə məşğul olan bölməsindəyik, bir neçə saatdan sonra bu maşın Barselonaya yola salınacaq, məhz orda biz bu maşının potensialını dəyərləndirə biləcəyik.

Bizim keçənilki uğurumuz sadəcə bəxtin gətirməsi deyil. Maranelloda çoxlu mütəxəssis çalışır ki, geniş ictimaiyyət onları tanımır – onlar traslara getmirlər, amma bütün departamentlərdə, aerodinamik boruda və ya layihələndirmədə həlledici rolu oynayırlar. Onlar öz işlərinin peşəkardırlar və Ferrari-nin inkişafına böyük töhfə verirlər.

Biz hamımız bir komandayıq və bizim bir məqsədimiz var. Biz bilirik ki, bizim güclü rəqiblərimiz var, xüsusən də Lyuis Həmilton, son iki ilin qalibi. Amma biz daimi inkişafa köklənmişik. Biz yarışlara səsli-küylü bəyanatlarla deyil, uğur qazanmaq arzusu ilə yollanırıq. Bizi yarışlara olan ehtirasımız motivasiya edir.

Keçən il bizim məqsədimiz üç yarışda qələbə qazanmaq idi və biz bunu etdik. İndi isə biz daha böyük uğur istəyirik, ona görə də çempionat barədə düşünməliyik. Ən azı son yarışa qədər titul uğrunda mübarizə aparmaq istəyirik. Biz başa düşürük ki, rəqiblərimiz çox güclüdürlər və bunu etmək asan olmayacaq, amma bizim hər birimiz bu məqsəd üçün əlindən gələn hər şeyi edəcək…”

Ferrari - SF16-H

Yeni SF16-H komandanın texniki direktoru Ceysm Əllison tərəfindən Skuderiyada sıfırdan hazırladığı ilk maşındır…

Ceysm Əllison: “Bu gün bizim üçün çox həyəcanlı gündür, təkcə ona görə yox ki, bu gün biz məmnuniyyətlə qış tətilində gördüyümüz işin nəticəsini sizə təqdim edirik, həm də ona görə ki, biz özümüz də birinci dəfə yeni maşınımızı tam yığılmış və trasa çıxmağa hazır vəziyyətdə görürük.

Biz bu maşını təxəyyülümüzdə çoxdan qurmuşduq, kompüterlərimizin monitorlarında çoxdan görmüşdük, aerodinamik boruda, stend sınaqlarında, istehsal prosesində izləmişdik, amma bu gün onu sizinlə bir yerdə seyr edirik. Etiraf etməliyəm ki, maşına baxarkən Maranelloda çalışan hər bir kəsin yerinə qürur duyuram. İndi biz onu tezliklə trasa çıxarmaq istəyirik.

Düşünürəm ki, 2013-cü ildə Ferrari-nin rəqabətədavamlılıq səviyyəsi kifayət qədər deyildi, komanda çempionatda qələbəyə yaxın deyildi, amma pit-stopları o zaman sürətlə yerinə yetirirdi. Ona görə də 2014-cü ildə bizə güc, asfalta yatma qüvvəsi çatmırdı, asılqanlar ideal işləmirdilər, motorun yerləşməsi də yaxşı deyildi.

Komanda bütün bu sahələrdə ciddi işlədi və keçən il biz irəliyə doğru hissolunacaq addım atdıq. Ümid edirik ki, yeni maşın növbəti addımı atmağa imkan verəcək və Ferrari rəqabətədavamlı olacaq. Hansısa bir sahədə digər sahəyə nisbətən bizim daha çox inkişaf etməyimizi düşünmək düzgün olmazdı. Biz güc qurğusunun gücünü artırmışıq, əlavə asfalta yatma qüvvəsi hasil etmişik, idarəolunmanı yaxşılaşdırmışıq və s. Məncə, biz işimizin nəticəsi ilə fəxr edə bilərik.

Proqnoz söyləmək çox çətindir, amma biz Mercedes AMG komandasının son iki ildə necə güclü olduğunu bilirik. Eyni zamanda, biz bilirik ki, Maranelloda çox istedadlı mütəxəssislər çalışırlar və yeni maşın yüzlərlə insanın bəhrəsidir. Biz əlimizdən gələn hər şeyi etdik ki, yeni maşın sələfindən yaxşı olsun və qələbələr uğrunda mübarizə aparmağa imkan versin. Ümid edirəm ki, bizim səyimiz kifayət edəcək. Amma real vəziyyəti bilmək üçün yarışları gözləməliyik…”

Ferrari - SF16-H

Skuderiyanın baş konstruktoru Simone Resta yeni maşının xüsusiyyətlərindən və sələfindən fərqlərindən danışıb…

Simone Resta: “Yeni maşın üzərində işə düz bir il əvvəl başlamışdıq, qarşıya iddialı məqsəd qoyulmuşdu. Biz əvvəlki konstruksiyaya tam dəyişiklik etdik, yəni praktiki olaraq maşının bütün sahələri yenidən yığıldı.

Hər şeydən əvvəl burun elementi və ön asılqanlar, yan pantonlar, güc qurğusu və maşının arxa hissəsi tamamilə yenidir. Burun qısaldılıb, ona görə də keçən il istifadə etdiyimiz qərarlardan yararlana bilmədik, tam yenisini tətbiq etdik. Onun altından hava axını tam fərqli keçir, nəticədə maşının aerodinamik xarakteristikası pozitiv dəyişdi.

Dörd il bizim maşınların ön asılqanlarında dartma metodu tətbiq olunurdu, amma biz onun konstruksiyasını tam dəyişdik və itələmə metoduna keçdik. Bununla da kütləyə qənaət etdik və asılqanın daha effektiv işləməsinə nail olduq.

Daha bir vacib sahə yan pantonlardır. Radiatorların konstruksiyası və korpusun detallarının forması keçənilki maşından nəzərəçarpacaq dərəcədə fərqlənir.

Maşının ürəyi, güc qurğusuna gəlincə, iki aspektə diqqət ayrılmışdı: etibarlılığın artırılması və daha yığcam olması üçün elementlərin yerləşdirilməsinin dəyişdirilməsi. Ona görə də yeni maşının arxası daha yığcam, daha dar alınıb, bu isə aerodinamikaya təsir edir. Amma biz təkcə güc qurğusunun arxitekturası üzərində deyil, həm də mühərriyə hava axının verilməsinin effektivliyini artırmaqla yanma prosesinin yaxşılaşdırlması üzərində də işlədik. Bundan başqa turbinin konstruksiyası da yaxşılaşdırılıb.

Maşın üzərində iş zamanı biz vacib innovativ qərarlardan istifadə etdik. Komandanın bütün əməkdaşları yeni maşını hazırlayarkən böyük əmək sərf elədilər. Biz şasinin çəki paylanmasını optimallaşdırdıq və aerodinamik effektliyini yüksəltdik…”

Ferrari - SF16-H

Sebastyan Fettel: “Yeni maşın çox gözəl alınıb. Mauritsio dediyi kimi, yeni maşına çox əmək sərf etmişik – biz hamımız yaxşı vaxt keçirdik. Amma yeni maşın barədə real təəssüratımı yalnız trasda işlədikdən sonra söyləyəcəm . Əminəm ki, maşın bizə inkişaf etməyə imkan verəcək.

Mən komandaya gələndə Ferrari-də təşkilatlanma prosesi gedirdi, əməkdaşlar dəyişirdilər, amma bu dəfə qış tətilində mövsümə hazırlıq daha yaxşı keçdi. Bizim çox güclü komandamız var, mən bunu hələ keçən mövsüm gördüm, bu il isə biz daha da güclənmişik.

Məqsədlərimiz də aydındır, bu təbiidir. Biz keçən mövsümü əla keçirdik, indi biz daha böyük uğur istəyirik. Keçən ili biz Mühəndislər Kubokunda 2-ci yerdə başa vurduq, indi isə növbəti addımı atmaq lazımdır, hərçənd, bunu etmək asan olmayacaq. Ümid edirəm ki, yeni maşın bizim məqsədimizi reallaşdırmağa imkan verəcək…”

Kimi Rəykkönen: “Yeni mövsüm – yeni maşın. Hər il üçün hazırlanan yeni maşın sələfindən fərqlənir, həmişə onun hazırlanmasını izləmək maraqlıdır. Biz yeni maşından çox şey gözləyirik. Maşın əla görünür, amma onun haqında obyektiv fikir söyləmək üçün bir neçə dövrə vurmalıyam. Hələlik hər şey yaxşıdır, ümid edirəm ki, biz onunla böyük uğura imza atacayıq.

Şəxsən mən yarışlarda qələbə qazanmaqla titula sevinmək istəyirəm. İndi danışmaq hələ çox tezdir, yeni maşınla bir dövrə belə vurmamışıq. Baxaq görək, testlərdə nə baş verəcək. Mən əminəm ki, mövsümün startına biz yaxşı formada hazır olacayıq…”

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*