Güc qurğularının müstəqil istehsalına keçid qərarı 2021-ci ildə qəbul olunub. Həmin vaxt məlum olub ki, Honda Formula1-dəki proqramını dayandırmağa hazırlaşır. Sonradan bu layihəyə texnoloji tərəfdaş kimi Amerika korporasiyası Ford da qoşulub və lazım olan maliyyəni də təmin edib.
Horner Milton Kinsdə mühərrik istehsalı bölməsinin yaradılması ilə ilk gündən məşğul olub, faktiki olaraq layihənin reallaşdırılmasının bütün mərhələlərinə nəzarət edib, çünki hər şeyə sıfırdan başlamaq lazım gəlib. Amma indi nəticələri kənardan izləməyə məcbur qalıb – ötən ilin iyulunda o, bütün vəzifələrindən uzaqlaşdırılıb.
“Yəqin ki, bu, Red Bull-da olduğum müddətdə qəbul etdiyim ən böyük çağırış idi, çünki bu layihəyə sıfırdan başlamaq lazım gəldi, – Horner Autosport-a müsahibəsində deyib. – Bizim heç nəyimiz yox idi, bu, tamamilə startap idi. Buna görə də onun bütün mərhələlərini, necə başladığımızı və mühərrik istehsalını necə qurduğumuzu görmək çox sevindirici idi. Biz öz zavodumuzu tikdik, porşenlərin, silindrlərin, mühərrik bloklarının və digər hər şeyin istehsalını qurduq.
Hamı bu layihə üzərində heyrətamiz məqsədyönlülüklə çalışıb. Dəhşətli dərəcədə qorxulu idi, çünki bizim mühərrik yaratmaq sahəsində ümumiyyətlə təcrübəmiz yox idi. Amma biz əla mütəxəssislər komandası topladıq, onları dəstəklədik və bütün bu insanlara özlərini göstərmək imkanı verdik – ən vacibi də bu idi”.
Bu il RBPT-yə yatırılan nəhəng investisiyalar tədricən öz bəhrəsini verməyə başlayıb: Red Bull Ford güc qurğusu ilə təchiz olunmuş RB22-ni idarə edən Maks Ferstappen bu mövsüm artıq doqquz dəfə ilk üçlükdə finiş edib, o cümlədən Malayziya və Sinqapurda qələbə qazanıb.
“Komanda bu mühərriklə artıq ilk ilində mövsümün 16-cı yarışında qələbə qazanıb və mən bunu görəndə həqiqi qürur hissi keçirdim, – deyə Horner vurğulayıb. – Bütün bu insanların nail olduqları ilə inanılmaz dərəcədə qürur duyuram. Sıfırdan mühərrik yaratmaq tapşırığının miqyasını, xüsusən də Formula1 tarixində güc qurğularına dair ən mürəkkəb reqlament çərçivəsində bunu etmək lazım gəldiyini, asanlıqla kiçiltmək olar, amma indi komanda özündən qat-qat təcrübəli istehsalçıları qabaqlamağa nail olur”.





