Banyaya evində yenə də poulu Markesdən alıb

Motosikletçilərin MotoGP üzrə Dünya Çempionatı 4 həftəlik fasilədən sonra Mucelloda 6-cı mərhələ ilə davam edib. Bu gün əfsanəvi trasda sıralanma turunda sürücülər poulun sahibini müəyyən ediblər.

F-1.az xəbər verir ki, hadisələr bir ay əvvəl Le Manda baş verənləri xatırladıb. Yenə də Honda-nın sürücüsü Mark Markes slip strim üçün sonuncu dünya çempionu Françesko Banyayanı seçib və yenə də iki sürücü arasında gərgin mübarizə gedib.

Əvvəlcə mübarizəyə bütün məşqlərdə ilk onluğa düşməyə imkan verən nəticə göstərməyən sürücülər başlayıblar. Bu qrupda ilk iki yeri tutan sürücü əsas sessiyaya vəsiqə qazanır. Bu dəfə Gresini-dən Aleks Markes və Red Bull KTM-dən Cək Miller rəqiblərini üstələyiblər. Maverik Vinyales və Fabio Kuartararo kimi sürücülər isə ümbarizədən kənar qalıblar.

İkinci sessiyada yağış gözlənildiyi üçün sürücülər yubanmadan trasa tələsiblər. Pekko Banyaya dərhal hamıya etalon ola biləcək nəticə göstərib və növbəti cəhdində ev trasında 105 saniyədən sürətli olan ilk ikitəkərli texnikanın sürücüsü kimi tarixə düşüb. Hər iki cəhdində premyer sinfin 6 qat dünya çempionu Mark Markes italiyalı sürücünün arxasında olub və slip strimdə ona çox yaxın nəticə göstərə bilib.

İtaliya sürücü növbəti cəhdində başlayarkən iki çempion arasında təmas yaşanıb – Markın bu hərəkəti Pekkonu özündən çıxarıb. Mübarizəyə qayıdan italiyalı çempion doğma azarkeşlərin gözləri önündə 1:44.855 nəticə ilə rekordunu bir qədər də yaxşılaşdırıb. Amma ilk 3 sektorun göstəricisinə görə Markes daha yaxşı nəticə ilə gəlib və yalnız son sektorda üstünlüyünü əldən verib. Yekunda ispaniyalı sürücü poulu 0.078 saniyə ilə əldən verməklə 105 saniyənin altına düşmüş ikinci sürücü olub.

İlk cərgəni isə Markın balaca qardaşı Aleks tamamlayıb – amma əvvəlki yarışın startındakı qəzada günahkar bilindiyi üçün Aleks yarışın startında 3 yer itirəcək.

İkinci cərgəni Luka Marini, Cək Miller və Xorxe Martin təşkil edib.  Banyayanın çempionatda əsas təqibçisi Marko Bezzekki bu dəfə 7-ci nəticə göstərib. Banyayanın uzun müddət zədədən müalicə olunaraq mərhələyə qayıtmış komanda yoldaşı Enea Bastyanini isə 12-ci nəticə ilə kifayətlənib.

Bakı vaxtı ilə saat 17:00-da Mucelloa sprint (qısa) yarış baş tutacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*