MotoGP-nin daha iki yarışı rəsmən ləğv olunub

Dünya Motosiklet Çempionatı hələ 2020-cü il üçün təqvimin yekun versiyasını hazırlamayıb. Seriyanın başçısı Karmelo Espeleta mövsümü iyulda Xeresdə iki yarışla başlamaq və bütün Qran Priləri tamaşaçısız keçirmək istəyindən danışmışdı. Başlanğıc üçün MotoGP iştirakçıları yalnız Avropada çıxış etmək istəyirdilər.

F-1.az xatırladır ki, daha əvvəl dörd yarış rəsmi olaraq ləğv edilьшю və daha bir neçə yarış isə qeyri-müəyyən vaxta təxirə salınmışdı. İndi isə məlum olub ki, avqustun son günlərinə planlaşdırılan Böyük Britaniya Qran Prisi və oktyabrın sonuna planlaşdırılan Avstraliya Qran Prisi baş tutmayacaq.

Çempionatın Silverstouna səfəri Britaniya hökumətinin ölkəyə daxil olan hər kəs üçün ikihəftəlik məcburi karantin qərarından sonra çətinləşmişdi. Baş nazir Boris Conson Formula1-ə bu baxımdan şəxsən kömək etməyə söz versə də, MotoGP bu cür imtiyazlara arxalana bilməz.

Avstraliyaya gəlincə, orada da oxşar karantin qaydaları var. Üstəlik komandaların məsrəfləri baxımından belə uzun bir səfər hazırkı durumda arzuolunmazdır.

MotoGP-nin başçısı Espeleta bildirib ki, “Pandemiya və ardınca təqvimin yenidən tərtibi səbəbindən logistik və əməliyyat çətinliklərini aradan qaldıra bilməyərək, iki əhəmiyyətli mərhələnin ləğv olunduğunu elan etmək üçün çox üzr istəyirik. Silverstoun və Fillip Adası ənənəvi olaraq bizə maraqlı yarışlar verirdi. Gələn il daha inanılmaz mübarizə üçün oraya qayıdacağımızı gözləyirik”.

Bundan əvvəl MotoGP Qətər, Niderland, Finlandiya və Almaniyadakı yarışları ləğv etmişdi. İndi Dorna-dan olan promouterlər mövsümü iyulun 19-da başlamaq üçün İspaniya höluməti ilə müzakirələr aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*