Banyayadan tarixi qələbə

Motiskletçilərin MotoGP dünya çempionatında mövsümün 14-cü mərhələsi Mizanoda başa çatıb.

F-1.az xəbər verir ki, San Marino Qran Prisini Ducati-nin zavod komandasının sürücüsü Françesko Banyaya qazanıb. Ardıcıl 4-cü qələbə ilə italiyalı sürücü adını tarixə yaxıb – hələ indiyə qədər heç bir Ducati sürücüsü ardıcıl 4 qələbə qazanmamışdı.

Poulun sahibi Banyayanın komanda yoldaşı Cək Miller ilk dövrələrdə liderliyini qorusa da, 3-cü dövrədə yıxılaraq peletonun sonuna düşüb. 5-ci yerdən start almasına baxmayaraq Banyaya bundan sonra liderliyi ələ alıb və finişə qədər mövqeyini qoruya bilib.

Əvvəlcə Aprilia-dan Maverik Vinyales liderliyi ələ almağa çalışıb, son dövrələrdə isə Peko Enea Bastyaninin hücumları altına düşüb – finiş xəttində iki italiyalı sürücünü cəmi 0.034 saniyə ayırıb.

Mövsümün lideri Yamaha-dan Fabio Kuartararo yarışı sakit keçirib – 8-ci yerdən yarışa başlayan sürücü startda bir yer qazanıb, Millerin yıxılmasından sonra 6-cı yerə yüksələn Fabio sonda Aleş Esparqaronun səhvindən yararlanaraq finiş xəttini 5-ci keçib.

Bu isə o deməkdir ki, çempionatda Fabionun Françesko üzərində üstünlüyü 30 xala düşüb – Ducati-nin son yarışlarda sürətini nəzərə alsaq, cari mövsümün finalı möhtəşəm olmalıdır. Mövsüm isə 2 həftədən sonra Araqonda davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*