Markes 3 ildən sonra ilk poulunu qazanıb

Bizim idmanda TƏCRÜBƏ böyük silahdır. Bu gün Yaponiyanın Moteqi avtodromunda baş tutan MotoGP çempionatının 16-cı mərhələsinin sıralanma turunda bunun bir daha şahidi olduq.

F-1.az xəbər verir ki, səhərdən yağan yağış sessiyanın keçirilməsini sual altına qoyub. Təşkilatçılar təsnifatı ya səhər keçirməyi, ya da 2-ci məşqlərin protokollarına əsasən müəyyənləşdirməyi düşünüblər. Əgər belə olsaydı, Honda-dan Mark Markes poula sahib çıxırdı. Titula əsas namizəd olan Yamaha-dan Fabio Kuartararo 10-cu, Ducati-dən Françesko Banyaya isə 15-ci yerdən start almalı olacaqdı. İrəli gedərək bildirək ki, real sıralanmanın bu düzümdən elə də fərqi olmayıb.

Yağışın bir qədər zəifləməsi sessiyanın baş tutmasına səbəb olub. Yekunda 6 qat dünya çempionu Mark Markes düz 1071 gündən sonra 63-cü pouluna sevinib – sonuncu dəfə ispaniyalı sürücü 2019-cu ildə elə Moteqidə poula sevinmişdi. Honda-nın bu uğuru yapon azarkeşləri çox sevindirib.

İkinci nəticəni Pramac-dan Joan Zarko göstərib – fransalı sürücü komanda yoldaşı Xorxe Martinlə 1-ci sessiyadan yüksəlib və yekunda Marka 0.2 saniyə uduzub.

İlk cərgəni isə KTM Red Bull komandasından Brəd Binder tamamlayıb.

Mövsümün favoritlərinə gəlincə, Fabio 9-cu, Françesko isə 12-ci yerdən start alacaqlar. Onlara baxanda Aprilia-dan Aleş Esparqaro daha yaxşı nəticə göstərib – ispaniyalı sürücü 6-cı olaraq öz komanda yoldaşı Maverik Vinyalesə və Xorxeyə uduzub.

Sabah yarış Bakı vaxtı ilə saat 10-da baş tutmalıdır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*