Rich Energy Haas F1 Team – Haas VF-19

Bu gün Haas komandası titul sponsoru Rich Energy ilə birlikdə 2019-cu ildə yarışacaqları maşının rəng çalarlarını təqdim edib. Tədbirdə komandanın sürücüləri Roman Qrojan və Kevin Maqnussen yeni çalarlarla rənglənmiş, bu il istifadə ediləcək qanadlara sahib keçən ilin maşınının üzərindən örtüyü qaldırıblar.

F-1.az bildirir ki, Eyni vaxtda komandanın sosial şəbəkələrdəki rəsmi səhifələrində də yeni maşının şəkilləri paylaşılıb. Beləliklə, Haas F1 Team bu il maşınını təqdim edən ilk komanda olub. Qara və qızılı rənglərə boyanacaq yeni maşını ilk dəfə fevralın 18-də səhər saat 8-də – qış testlərinin başlamasına 1 saat qalmış Barselonada görmək mümkün olacaq.

Günter Ştayner, komandanın rəhbəri: “Komandamız irəliməkdə davam edir və bu baxımdan yeni mövsüm keçən ilkindən fərqli olmayacaq. Rich Energy ilə əməkdaşlıq necə sürətlə inkişaf etdiyimizi göstərən amillərdən biridir. VF-19-un bu şirkətin rənglərinə boyandığını görmək xoşdur. Onları salamlayırıq və Formula1-ə qlobal marketinq platforması kimi baxan tərəfdaşlarımızın sırasına qoşulduqları üçün məmnunuq.

Hər nə qədər 2018-ci il komandamız üçün çox uğurlu olsa da, bəzən üzərində çox işləməli olduğumuz sahələrin varlığını da bizə göstərdi. Daha yaxşı nəticələr əldə etməyi arzuladığımız üçün VF-19 üzərində işləməyə çox tez başladıq və növbəti addımımız Avstraliya Qran Prisinə yaxşı hazırlaşmaq üçün vaxtımızdan düzgün istifadə etməli olduğumuz Barselona testləri olacaq.

Əlbəttə, maşın etibarlı olmalıdır ki, biz testlərdə çox məsafə qət edə bilək. Digər tərəfdən də, etibarlı, lakin yavaş maşın – məntiqli deyil. Seçim etmək mümkün olsaydı, mən maşının ilk növbədə sürətli, sonra isə etibarlı olmasını istəyərdim”.

 

Cin Haas, komandanın sahibi: “İndi hər şeyin düzgün yerinə yetirildiyinə və komandanın dərhal mübarizəyə hazır olacağına ümid etmək zamanıdır. VF-19 təkcə rəng çalarlarına görə yox, həm də yeni texniki reqlamentə uyğun hazırlanması ilə fərqlənir. Bütün bu dəyişikliklər yeni mövsümdə yarışların daha maraqlı olmasına, bizim də yaxşı mübarizə aparmağımıza imkan verəcək”.

Roman Qrojan: “Builki əsas dəyişiklik yeni ön qanaddır. Çox dəyişilməmiş kimi görünə bilər, lakin mühəndislərin işi çox oldu. Komandanın mümkün olan hər şeyi etdiyini bilirəm, buna görə də bu il yaxşı maşına sahibik. Artıq onu trasda yoxlamağın vaxtıdır – nələr edə biləcəyini və necə nəticələr qazana biləcəyimizi öyrənməliyik.

Daha çox ötmə olacaq? Bunu zaman göstərəcək. Hamı yarışa pouldan başlamaq istəyir, yarışa liderlik etmirsizsə, kimisə ötüb keçmək çox çətindir. Görəcəyik. Bizdən asılı olan hər şeyi edəcəyik. Reqlamentdə edilən dəyişikliklər ötmələri asanlaşdırmaq üçün nəzərdə tutulub. Lakin bunun müsbət təsirinin olub-olmayacağını bilmirəm. Bir şeyi inkişaf etdirmək mümkündürsə, həmişə bunun üçün çalışmaq lazımdır”.

Kevin Maqnussen: “Gözəl maşındır və görünüşə görə, sürətli olduğunu deyə bilərəm. Mövsümöncəsi testlər maraqlıdır, çünki maşını asfalt üzərində ilk dəfə test etmək imkanımız olur və haqqında fikir bildirmək mümkün olur. Həyəcanlıyam, testləri səbirsizliklə gözləyirəm və nəticələrin müsbət olacağını hiss edirəm”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*