Corc Rassell: “Bu, həqiqətən də çox özəl və sevinc dolu bir gün idi. Həmin ana qədər xeyli şey barədə düşünməli oldum – məsələn, nişan üzüyünün dizaynı və ümumilikdə bütün hazırlıq prosesi ilə məşğul olmaq mənim üçün maraqlı idi. O an gəlib çatanda isə sözlərimi deyə bildim, baxmayaraq ki, bir dizimin üstünə çökəndə gözlənilmədən güclü həyəcan hiss etdim. Amma hər şey əla keçdi.
Yay tətili günlərində Formula1-lə bağlı hər şeydən tam ayrılmağı bacardım, xüsusən də mövsümün ikinci yarısının hamı üçün çox gərgin keçəcəyini nəzərə alsaq. Buna görə də bu iki həftəni mümkün qədər yaxşı keçirməyə çalışdım, hərçənd ilk on gün ərzində işlə bağlı düşüncələr hələ də var idi.
Qarşıdakı uik-enddən danışsaq, məncə, hər yarış uik-endi çox vacibdir. Mövsümün yalnız yarısı arxada qalıb, ona görə də sadəcə işləməyə davam etmək lazımdır. Çempionatın ilk hissəsində pis olmayan bir dövr keçirdim, amma son üç yarış müxtəlif səbəblərə görə asan alınmadı. İndi isə yenidən işə köklənməyə hazıram və yaxşı ritmə qayıtmağa çalışacağam.
Şəxsi hesabda komanda yoldaşımdan geri qalmağım barədə düşünməməyə çalışıram və sadəcə hər yarışı ayrı-ayrılıqda qəbul etməyə köklənmişəm. Bilirəm ki, titul uğrunda mübarizədə yer almaq istəyirəmsə, nəticələrimin səviyyəsini qaldırmalıyam – hazırda bu, mənim üçün əsas prioritetdir”.





