Louson: Əvvəllər mənimlə müqaviləni bu qədər tez uzatmayıblar

Las Veqas Qran Prisinə bir həftə qalmış Racing Bulls komandası 2027-ci il üçün Liam Louson və Arvid Lindbladla müqaviləni təsdiqləyib. Yeni zelandiyalı sürücüyə gəlincə, bu, sadə rəsmiyyət olmayıb, çünki komandada onu Nikola Tsolovla əvəzləmək variantı ciddi şəkildə nəzərdən keçirilib.

FİA-nın Las Veqasda keçirdiyi mətbuat konfransında Louson Racing Bulls-un qərarını şərh edib və etiraf edib ki, bir məqamda müqaviləsiz qala biləcəyi ehtimalına görə həyəcanlanıb.

Liam Louson: “Əlbəttə, şadam və açığı, bir az da rahat nəfəs aldım. Hisslər qəribədir, çünki daha əvvəl mövsüm başa çatmamış gələcəyimi bu qədər tez öyrənməli olmamışdım. Yəqin ki, bu, daha tez-tez baş verir, amma bizdə əvvəllər hər şey başqa cür alınırdı. Ona görə də bu, bir az qəribədir, amma əlbəttə, xoşdur. Qalan yarışlardan daha çox zövq almağa çalışacağam.

Açığı, bu il çıxışımdan çox zövq alırdım, xüsusən də mövsümün ikinci yarısında, pərdəarxasında baş verən hər şeyə baxmayaraq. Ümid edirəm ki, bu ovqatı mövsümün sonuna qədər qoruya biləcəyəm.

Keçən il müqaviləyə görə daha çox narahat olurdum və xüsusən də nəticələr ən yaxşı olmayanda daim şübhə edirdim. Amma bu mövsüm demək olar ki, hər şey bizim üçün yaxşı alınırdı. Xüsusən də yay fasiləsindən sonra komanda xeyli güclənmişdi.

Maşınımız müxtəlif tip traslarda sürətli idi və demək olar ki, hər uik-end işimizin öhdəsindən yaxşı gəlirdik, buna görə də şübhə etmək üçün ciddi səbəbim yox idi. Amma əlbəttə, ətrafda hamı daim sənin gələcəyindən danışanda, istər-istəməz sən də bu barədə düşünməyə başlayırsan. Mən sadəcə bu fikirləri özümdən uzaqlaşdırmağa, pilotaja köklənməyə və yarışlardan zövq almağa çalışırdım. Düşünürəm ki, buna nail oldum.

Son bir neçə həftə çox gərgin keçib, çünki çoxlu danışıqlar gedib. Amma deyə bilmərəm ki, hansısa məqamda komandada yersiz qalacağımı düşünmüşəm. Sadəcə başa düşürdüm ki, qərar uzanır və Formula1-də bir yarış uik-endi ərzində hər şey dəyişə bilər. Proqnozlaşdırılması mümkün olmayan həddən artıq çox amil var.

Məndə yaxşı nəticələr seriyası alınmışdı və bu tempi mümkün qədər uzun saxlamağa çalışırdım, amma hər növbəti mərhələ hər şeyi dəyişə bilərdi. Pərdəarxasında danışıqlar gedərkən mən sadəcə məndən asılı olan hər şeyi edirdim və hər yarışdan maksimumu sıxıb çıxarmağa çalışırdım.

Bir məqamda hətta soruşmağa başlamışdım ki, daha nə etməliyəm? Məndən gözlənilən başqa nəsə varmı? Amma görünür, artıq başqa heç nə tələb olunmurdu və sonda sadəcə gözləmək qalırdı. Bu da, əlbəttə, müəyyən narahatlıq yaradırdı. Ümumilikdə, son həftələr kifayət qədər gərgin keçib”.

Gələcəkdə Red Bull Racing-ə mümkün keçidlə bağlı sualı cavablandıran Liam deyib: “Bu il bütün diqqətimiz Mühəndislər Kubokunda beşinci yer uğrunda mübarizəyə yönəlmişdi, amma baxarıq, sonra nə olacaq. Hamımız Formula1-ə qələbələr üçün gəlirik və harada çıxış etməyimizdən asılı olmayaraq, hər kəs buna can atır. Mən hələlik gələcəyimin necə alınacağını bilmirəm.

Əslində, bu, Formula1-də cəmi ikinci tam mövsümümdür, ona görə də hələ o qədər də çox təcrübəm yoxdur. Amma bu ilin ikinci yarısında özümü qat-qat inamlı hiss etməyə başlamışam və inkişaf etməyə davam edirəm.

Düşünürəm ki, bu komandada çıxış edəndə gec-tez Red Bull-a və ya başqa bir yerə keçid barədə düşünürsən. Bu, inkişafın təbii yoludur. Mən karyeramı Racing Bulls-da başa vurmağı planlaşdırmıram.

Hazırda bizim əla maşınımız var, mövsüm çox yaxşı keçir və mən hər uik-enddən maksimumu sıxıb çıxarmağa çalışıram. İndi məndə gələn il də eyni ruhda davam etmək imkanı var və mən bundan yararlanmaq niyyətindəyəm”.