Las Veqas Qran Prisi ərəfəsində Red Bull McLaren-i 17 xal qabaqlayıb.
Lando Norris: “Mükafat ödənişləri baxımından 3-cü yerlə 4-cü yer arasındakı fərq çox böyükdür, bu, bütün komanda üçün çox böyük məbləğdir. Həmişə olduğu kimi, mən və Oskar Piastri güclü təzyiq altındayıq, bu da təbiidir, çünki bizim vəzifəmiz yaxşı çıxış etmək və komanda üçün xal qazanmaqdır. Vacibdir ki, hər iki maşın ilk onluqda finişə çatsın.
Biz həmişə Mühəndislər Kuboku hesabına gedən xallardan və bununla bağlı hər şeydən danışırıq, çünki bu, çox vacibdir, amma düşünürəm ki, insanlar çox vaxt bununla əlaqəli müxtəlif bonusları unudurlar. Mən özüm barədə yox, komandanın bütün əməkdaşları barədə danışıram. Onların hamısı hər gün böyük səylə çalışır və ilin sonunda bonuslarını alacaqlar, ona görə də hamı təxminən eyni dərəcədə buna nail olmaq istəyir.
Əlbəttə, mənim işim yarışda iştirak edərək maşını sürməkdir və bu baxımdan hamı mənə və Oskara ümid bəsləyir, ümid edir ki, biz işimizi yaxşı görə biləcəyik. McLaren əməkdaşları üçün bu, çox vacibdir, çünki o zaman onlar uşaqlarına daha maraqlı hədiyyələr ala və ya yeni evə köçə bilərlər – bilmirəm, kimin nə planı var.
Ancaq Oskar bu həftəsonu mühərrik dəyişikliyinə görə cəza alacaq, buna görə də o, irəlidən yox, geridən irəli çıxmalı olacaq – ümid edirəm ki, son sıralardan deyil, start düzlüyünün ortalarından. Amma bizə sabit nəticələr lazımdır. Mövsümün sonuna qədər çox şey baş verə bilər, buna görə də hər iki maşının xal qazanması vacibdir”.
Las Veqasdakı mətbuat konfransında Landoya avtoidmandan uzaq bir mövzuda da sual verilib. Bir neçə gün əvvəl məlum olub ki, Ceyms Bond haqqında yeni filmdə “agent 007” rolu britaniyalı aktyor Robert Pattinsona həvalə edilib və Norrisdən soruşublar ki, müasir Formula 1 sürücülərindən hansı gələcəkdə bu rolun öhdəsindən gələ bilər.
“Yaxşı sualdır, – deyə McLaren sürücüsü cavab verib. – Bəlkə, Corc Rassell? Demək istəyirəm ki, o, adətən kostyum geyinir və bu cür şeylərə yaxındır. Düşünürəm ki, Corc Ceyms Bond roluna görə Formula 1-lə vidalaşa bilər, ona görə də məncə, mərci məhz onun üzərinə qoymaq olar. Bilmirəm, bundan başqa bunu kim etmək istəyər, amma yəqin ki, o istəyər! Ona görə də pulumu Corca qoyuram.
Şəxsən mən isə bu rola razı olmazdım, amma başqa hansısa rolu oynayardım. Bilmirəm, bu nə rol olardı, baxmayaraq ki, əsas cani roluna da, yəqin, çox uyğun gəlmirəm. Amma düzünü desəm, bu barədə heç vaxt düşünməmişəm. Hərçənd ağlıma ilk gələn adam Fernando Alonso oldu. Kostyum onun əynində əla oturur və onda bu rol üçün lazım olan xüsusi xarizma var. Ona görə də mən Bond rolunda Fernando və ya Corcu görürəm”.





