Alen Prost: Kimidə şübhəsiz təbii istedad var

L’Équipe-ə müsahibəsində dördqat dünya çempionu Alen Prost Kimi Antonellinin istedadı və təmkinindən, həmçinin Ferrari-də niyə italyan sürücülərə yer verilmədiyindən danışıb…

Alen Prost: “Antonellinin uğurlarını şərh etmək mənim üçün çətindir, elə ona görə ki, mən Formula 1-ə 25 yaşımda gəlmişdim, o isə artıq iyirmi yaşında dünya çempionu olub. Üstəlik, söhbət o qədər fərqli dövrlərdən gedir ki, birbaşa müqayisənin mənası yoxdur.

Məni təəccübləndirən odur ki, Kimi adətən gənc sürücüyə lazım olan uyğunlaşma mərhələsini yaşamadan bu qədər tez və təbii şəkildə yüksək səviyyəyə çatıb. Monakoda mən ilk məşqdən yarışın finişinədək Kimini diqqətlə izləmişdim. Və bircə səhv də görməmişdim. Monakoda imkanların son həddində hücum edəndə səhvə yol vermək çox asandır, amma o, demək olar ki, ideal çıxış edib. Elə təsəvvür yaranırdı ki, bu, Formula 1-də uzun illərin təcrübəsinə malik sürücüdür.

Bəli, bunu qismən müasir maşınların xüsusiyyətləri ilə izah etmək olar. Amma yalnız qismən. Kiminin şübhəsiz təbii istedadı var, bunu onun təzyiq altında necə inamla və dəqiq pilotaj etdiyindən görmək olur.

Sürücüyə bu istedad lazımdır, amma sən bu qədər gəncsənsə, ətrafındakı insanlar da çox böyük əhəmiyyət daşıyır. Mercedes-də onun daxilində qeyri-adi nəsə olduğunu çox erkən görüblər və onu dəstəkləməyə tərəddüd etmədən qərar veriblər.

Maşından kənarda Antonelli xoş bir gəncdir, amma trasda o, uğura köklənməsini və qalib gəlmək istəyini təsirli şəkildə nümayiş etdirərək tamamilə dəyişib.

Bilirsiniz, məni təəccübləndirən odur ki, bu il dünya çempionatını bir italiyalı qazanıb. Bir müddət Ferrari-də məhz öz ölkəsinin sürücülərindən çəkiniblər, çünki təzyiq onlara həddindən artıq güclü təsir edib. Şübhəsiz, bu da italyan sürücülərin irəliləməsinə kömək etməyib. Ola bilsin ki, indi çox şey dəyişəcək”.

,