Honda-nın Formula1-də işləri bu il heç də yaxşı getmir: hazırda yapon istehsalçının güc qurğularından yalnız Aston Martin komandası istifadə edir və komanda Mühəndislər Kubokuda sondan ikinci pillədə qərarlaşıb. Sentyabrda Honda üçün problemlərlə zəngin mövsümün ən qızğın vaxtında məlum olub ki, yarış mühərriklərinin hazırlanmasına rəhbərlik edən Tetsusi Kakudanı oktyabrın 1-dən onun müavini Yoiçiro Fukao əvəz edəcək.
Koyci Vatanabe Honda-da bütün idman istiqamətinə rəhbərlik edir və onun istefası ilə bağlı xəbər daha böyük əhəmiyyət daşıyır. Bununla belə, HRC-nin bu mövzuya həsr olunmuş press-relizində yalnız bildirilib ki, bu, şirkət rəhbərliyinin gücləndirilməsinə yönəlmiş planlı kadr rotasiyasıdır.
1964-cü il təvəllüdlü Koyci Vatanabe 1987-ci ildən Honda-da çalışır, pillə-pillə karyera yüksəlişi keçmiş əsl veterandır, lakin yanvar ayından etibarən HRC-yə hazırda vitse-prezident vəzifəsini tutan Keiçi Yasuda rəhbərlik edəcək.
Koyci Vatanabe: “Mənim üçün HRC-nin prezidenti vəzifəsində möhtəşəm həmkarlarımla birlikdə çalışmaq böyük şərəfdir. Keçmişdə HRC yalnız motoyarışlarla məşğul olan bir şirkət idi və mən onun fəaliyyət sahəsinə avtoidmanı da daxil etməyə nail oldum.
2022-ci ildə moto və avtoidman proqramlarımızı birləşdirən yenilənmiş bölmənin prezidenti vəzifəsinə təyin olundum. Bundan sonra biz Formula1-ə qayıtmaq qərarı verdik, qlobal mövcudluğumuzu genişləndirdik, Amerikadakı bölməni HRC USA kimi yenidən təşkil etdik və Böyük Britaniyada filial yaratdıq.
Prezident kimi qarşıdakı üç ayın sonunadək gələcək qələbələr naminə əlimdən gələni edəcəyəm”.
Keiçi Yasuda: “Hesab edirəm ki, mənim missiyam Vatanabenin təməlini qoyduğu irsi səmərəli şəkildə inkişaf etdirmək, hamının səylərini birləşdirmək və onları bir məqsədə – yarışlarda qələbələr qazanmağa yönəltməkdir. Honda Racing-in xarici bölmələrinin rəhbəri vəzifəsində qazandığım bütün idarəçilik təcrübəmi təşkilatımızın gücləndirilməsi işində tətbiq edəcəyəm. Qarşımızda duran hədəflər həm səhmdarlarımızın maraqlarına, həm də azarkeşlərin gözləntilərinə cavab verdiyi üçün HRC-nin qurulması işinə özümü həsr etmək niyyətindəyəm ki, qələbə sevincini birlikdə bölüşə bilək”.




