Təbii ki, o bunun səhv seçim olduğunu etiraf edib, amma sonda Skuderiyanın sürücüləri vəziyyəti düzəldə bilib və yarışı 3-4-cü yerlərdə başa vurublar.
“Təkər seçimimizi uzun-uzadı müzakirə etmək olar. Amma məncə, əgər siz bir taktika variantının digərindən daha üstün olduğuna əminsinizsə, o zaman məhz onu hər iki sürücü üçün seçirsiniz, – deyə Ferrari komandasının rəhbəri Sky Italia telekanalının efirində bildirib. – McLaren, Red Bull və Mercedes də eyni cür davranıblar. Maşınların 50 faizi üçün keçid təkərləri seçilib, qAlanlar isə sliklərə üstünlük veriblər.
Əlbəttə, yarışdan sonra demək daha asandır ki, variantlardan biri digərindən yaxşı idi, amma startdan əvvəl pit-leynə çıxanda sizin ixtiyarınızda məhdud məlumat olur, mənzərəni bütün detalları ilə görmək mümkün olmur. Seçiminizin doğru olub-olmadığı isə artıq ilk dövrədə üzə çıxır. Həmin anda da başa düşülüb ki, biz səhvə yol vermişik, amma təkərləri dəyişmək üçün artıq gec idi.
Şarlın ilk dövrədə təması olub, bundan sonra onun maşınında ön qanadı dəyişmək lazım gəlib və bu da onsuz da çətin olan vəziyyətini daha da mürəkkəbləşdirib. Amma ümumilikdə çıxışımız inamlı və inandırıcı alınıb. Təbii ki, startdan əvvəl verilən taktiki qərarı nəzərə alsaq, belə nəticə göstərə bilməyimiz bir qədər qəribə görünür.
İndi aydındır ki, keçid təkərləri ilə start almaq daha yaxşı olardı, amma biz seçimi həmin anda əlimizdə olan məlumat əsasında etmişik, çünki trasın çox tez quruyacağını düşünmüşük. Gələcək üçün nəticə çıxarmaq məqsədilə hər şeyi ətraflı təhlil etməyə çalışacağıq. Bununla belə, hazırda heç nəyə görə təəssüflənmirəm.
Axı şənbə günü sıralanma turu da pis keçməyib, yarışda isə ilk dövrədə 20-ci və 21-ci mövqelərə düşməyimizə baxmayaraq, geri dönüş edə bilib 3-cü və 4-cü yerlərdə finiş görmüşük. Amma biz sakitliyimizi qoruyub, dəqiq və uzlaşmış şəkildə hərəkət etmişik.
Hər iki maşın əla temp göstərmək gücündə idi. Xüsusən də nəzərə alsaq ki, Şarlı neçə dəfə boksa çağırmışıq və buna baxmayaraq, o, 4-cü yeri tutub. Amma indi növbəti addımı atmalıyıq. Cəmi bir həftədən sonra yenidən trasa qayıdacağıq və Sinqapurda daha yaxşı çıxış etməyə çalışacağıq”.





